Ağdaşın kəndlərinin birində yerləşən mağazada atasına kömək edən 2009-cu il təvəllüdlü Aydın İsayevə (şərti ad-soyadlı) hədə-qorxu gələrək mağazadan ümumilikdə 6000 manat dəyərindən artıq qida və qeyri-qida məhsulları, eləcə də nağd pul götürmüş 1997-ci il təvəllüdlü Namiq Məmmədov və 1996-cı il təvəllüdlü Urfan Şahbazov barəsində cinayət işi açılıb.
Vətən Müharibəsində şəhid olmuş şəxsin kiçik qardaşını siqaret çəkməsini atasına və digər şəxslərə deyərək hədələyən və onu rüsvay etməklə qorxudan şəxslər ötən ilin mart-may aylarında mağazadan hissə-hissə xeyli miqdarda mal götürüblər. Son olaraq onların etdikləri mayın 29-da kameraya düşüb və görüntülər şəhidin atası tərəfindən aidiyəti üzrə təqdim edilib.
O, bildirib ki, başı oğlunun abidəsinin hazırlanmasına və digər tədbirlərə qarışdığından kiçik oğlu mağazada olub. Bu müddətdə Namiq və Urfan 12 yaşlı Aydının siqaret çəkməsini bildiklərini və onu biabır edəcəklərini deyərək mağazadan xeyli miqdarda ərzaq və qeyri-ərzaq malları götürüblər. Bəzi hallarda onlar Aydından kameranın olmadığı yerdə pul alıb, daha sonra kameranın altında ona verib, guya özləri ilə gətirdikləri pulla alver etdiklərini göstərmək istəyiblər.
Təqsirləndirilən şəxslər deyilənləri təsdiq etməyib və onlara şər atıldığını deyiblər. Onlardan biri qeyd edib ki, özü də Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra kəndə qayıdarkən maşınlar siqnal verib və bu şəhidin ailəsinə pis təsir edib. Bu səbəbdən də şəhidin ailəsi onun həbs edilməsinə çalışıblar.
Ağdaş rayon Məhkəməsi hər iki şəxsi Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilib. Onların hər biri 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca həbs eidliblər.
Publika.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.