AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Rüstəm Usubov dedi ki, görünür, elə təmizləyib, iz qalmayıb”

  • + A
  • - A
  • 16-04-2022, 17:20

    “Rüstəm Usubov dedi ki, görünür, elə təmizləyib, iz qalmayıb”


    Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

    Azadmedia.az xəbər verir ki, sonuncu prosesdə Tovuz rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Azər Məmmədov yenidən məhkəməyə dindirilib. O, polis rəisi Şirzad Əsgərov, müavini Şahlar Cəfərov və daha bir neçə polisin yanvarın 9-dan 10-na keçən gecə İlkingilin evinə gizli daxil olub, ora saxta sübutlar yerləşdirilməsi iddiası ilə əlaqədar ifadə verib.

    İlkin Süleymanovun əmisi oğlu, həmin vaxt Post-Patrul bölüyündə işləyən Murad Süleymanov bildirmişdi ki, gecə saat 4 radələrində Azər Məmmədov ona zəng edib, uzadıcı (“udlinitel”) istəyib. Vəkillər Azər Məmmədovdan yanvarın 9-dan 10-na keçən gecə harada olduğunu, gecə saat 4 radələrində Murada zəng edib-etmədiyini soruşublar. O, təkzib edib:

    “Ümumiyyətlə, işlə əlaqədar Murada zəng elədiyim vaxtlar olub. Amma gecə saat 4-də mən ona niyə zəng eləməliyəm? Yox, eləməmişəm. Həmin vaxt harada olacam, yəqin evimdə olaram da...”.

    Lakin vəkillər bildirib ki, onun həmin gecə saat 04.26-da Murad Süleymanova zəng eləməsi və özünün də həmin ərazidə olmasını təsdiqləyən sübut – telefon danışıqlarının arayışı var.

    Daha sonra məhkəmədə İlkin Süleymanovun valideynləri dindirilib.

    Anası Gülnaz Süleymanova deyib ki, oğlunun 47 gün ərzində uşağı saxladığı iddia olunan evə dəfələrlə girib-çıxıblar, orada uşaq olmayıb: “Dəfələrlə o evdən meyvə götürmüşük. Qohum-qonşunun hüzr yerinə İlkin gedirdi. Yanvarın 4-də Ağdam kəndində ölü yerində olmuşuq. Yanvarın 6-da Gəncəyə hüzr yerinə getmişik. O evin bütün qapıları da açıqdır. Ora daim girən-çıxan olub. Yanvarın 6-da İlkin yas yerindən qayıdandan sonra bir az yatdı. Axşam yemək yeyib bayıra çıxdı. İlkin evimdən o çıxan oldu.

    Həmin gündən sonra polislər bizə qarşı dəfələrlə qanunsuz hərəkətlər edib. Yanvarın 10-da İlkini evə çəkiliş üçün gətirməmişdən əvvəl gəlib tələb elədilər ki, çıxın evdən. Atası stola yapışdı, çıxmaq istəmədi. Bizi zorla çıxardılar. Bizi məcburi maşına mindirdilər. İnandırdılar ki, qaynım və o biri oğlum orada qalır. Bizdən sonra onları da aldadıblar ki, guya təcili prokurorluqdan dindirməyə çağırırlar. Aparıblar onları şöbəyə, buraxmayıblar. Polislərin sındırdığı pəncərə şüşəsi hələ də olduğu kimi qalır”.

    İlkin Süleymanovun atası İbrahim Süleymanov isə bildirib ki, müstəntiq Nadir Mirzəyev onu dindirməyə çağıranda oğlu haqqında şər-böhtan xarakterli fikirlər səsləndirib:

    “Mənə deyirdi ki, İlkin qıza daim təcavüz edib. Mən də məcbur olub efirdə İlkinin belə qabiliyyətinin olmadığını açıqladım. İlk vaxtlar bu söhbəti atmışdılar ortaya. Mənim çıxışımdan sonra bu söhbət aradan çıxdı.

    Vəkil Zabil Qəhrəmanov bu cür məsələlər müzakirə olunduğuna görə prosesin bu hissəsinin qapalı keçirilməsini təklif edib. Lakin İlkin Süleymanov özü razılaşmayıb:

    “Mümkündürsə, o məsələ ümumiyyətlə, müzakirə olunmasın”.

    İbrahim Süleymanov əlavə edib ki, meyit başqa yerdə yandırılıb, daha sonra meyiti bir də ora tullayıb yandırıblar: “İlkin gecələr mənim yanımda çarpayıda yatırdı. O evdə qızı necə saxladı bu adam? Kiminsə cinayətini yükləmək üçün İlkindən istifadə olundu. Onu 6 yanvarda tutub, polis şöbəsində işgəncə veriblər”.
    İbrahim Süleymanov o zaman Baş prokurorun birinci müavini olan Rüstəm Usubovla görüşündən də danışıb. Həmin görüşdə bu işin istintaqını aparan müstəntiq Nadir Mirzəyev də iştirak edib: “Dedim ona ki, necə ola bilər, 47 gün orada uşaq qalsın, onun bir saçının teli və ya başqa bir izi qalmasın orada? Cavab verdi ki, görünür, elə təmizləyib ki, qalmayıb. Ehtimalla adam tutarlar?”

    O, əlavə edib ki, yanvarın 9-dan 10-na keçən gecə polislər saxta sübutlar yerləşdirmək üçün gizli şəkildə evlərinə giriblər.

    Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

    Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR