Sutka ərzində baş verən cinayət və hadisələr - Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.
**
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olmuşdur.
Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılmışdır.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
**
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılmışlar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
**
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılmışdır.
Araşdırma aparılır.
**
Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.
**
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın Həbibovdan nömrəsi silinmiş “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.
**
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində bir nəfərin şəhər sakini S.Hətəmovaya zor tətbiq edərək içərisində pulu və sənədi olan cüzdanını talaması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Elmin Əfəndiyev müəyyən edilərək saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
**
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də saat 20 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılmışdır. Sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunmuşdur. Avtomobili dayanacağa təmin etmək istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına maneçilik törətmişdir. Polis əməkdaşları onu dəfələrlə qanuni tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu hərəkətlərini davam etdirmişdir.
Onlar avtomobillə birgə Şəmkir Rayon Polis Şöbəsinə təhvil verilmişlər.
N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur.
Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə təqdim olunmuşdur.