AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərminin atası bir gün sonra meyit tapılan yeri qazıb izi itirmək istəyib - Vəkil

  • + A
  • - A
  • 20-04-2022, 17:39

    Nərminin atası bir gün sonra meyit tapılan yeri qazıb izi itirmək istəyib - Vəkil

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev ibtidai istintaqda ifadə verən bəzi şahidlərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
    Vəkil qeyd edib ki, istintaq zamanı İlkinlə birlikdə cəzaçəkmə müəssisəsində olmuş şəxslərdən ikisi ifadəsində deyib ki, İlkin gecələr sayaqlayaraq Nərmini öldürdüyünü bildirib: "Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey demədiyini bildirib. Təqsirləndirlilən şəxsin əleyhinə ifadə verən iki nəfəri şahid kimi tanınsa da istintaq orqanı digər iki nəfəri şahid kimi tanımayıb".
    Məhkəmə vəsatəti təmin edib.
    Daha sonra vəkil kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini istəyib. Bildirib ki, sözügedən kənd sakinləri istintaq zamanı deyib ki, Nərminin əmisi Arif Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onaların həyətinə atıla biləcəyi ehtimalını deyib.
    " Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Arif Quliyev ilə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?,-vəkil qeyd edib.
    Vəkil həmçinin İlkin Süleymanovun qardaşı Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini istəyib:
    "Həmçinin, Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb. Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O, Nərminin atası Şəriflə birgə cəsəd aşkar edilən yeri qazaraq izi itirməyə çalışıblar. İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün dərs dediyi şagidlər də şahid kimi dindirilməlidir."
    Məhkəmə bu vəsatətlərin də təmin edib.
    Proses sabah davam etdiriləcək.
    Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
    Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
    İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
    İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR