Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan bədən xəsarəti yetirməkdə təqsirləndirilən məşqçi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərə son söz verilib. O, Fəridin sevimli tələbəsi olduğunu və sosial medianın bu məsələni qızışdırdığını söylədi.
İclasda hökm oxunub, ona əsasən Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bəkarovun Sumqayıt şəhər uşaq xəstəxanasında vəfat etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhərindəki məktəblərdən birində Fərid Bəkarova sambo dərsi keçirərkən xəsarət yetirməsi, nəticədə sonuncunun dünyasını dəyişməsi barədə ciddi şübhələr üzə çıxıb.
Xəlilov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.