Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin ikinci kurs tələbəsi İlkin Qənbərli Qazaxıstanın paytaxtı Nur-Sultanda WORLD GAMES 2022 çempionatının qalibi olub.
Bu barədə
Azadmedia.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ. Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb. Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ. Qənbərli brazilyalı rəqibini 8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib. O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ. Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal görüşündə "Terminator" ləqəbli güləşçimiz argentinalı rəqibinə 9:5 hesabı ilə qalib gələrək, final mərhələsinə keçib.
Final görüşündə tələbəmiz erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.
Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub. O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib. İ. Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.