“Azərsilah” niyə yaradıldı, faydası nə olacaq? – ŞƏRH
Xəbər verdiyimi kimi, yanvarın 14-də Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair аərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.
Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a bildirib ki, “Azərsilah” ASC-nin yaradılması Azərbaycanın dünya silah bazarında öz yerini möhkəmləndirməsi istiqamətində atılan önəmli addımdır. Onun sözlərinə görə, dövlət dünya bazarındakı proseslərə çevik reaksiya verən, idarəetmə aparatı kiçik, dövlətin büdcəsinə valyuta gətirən hərbi-sənaye təşkilatı istəyir:
“Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda müdafiə sənayesinin yaradılmasında böyük rol oynayıb. Ölkəmiz silah idxalçısından ixracatçısına çevrilib. Bu, danılmaz faktdır. Dünya təcrübəsi göstərir ki, ölkələr bu yolu keçiblər. Dövlət büdcəsindən maliyyələşmək və bu tip nazirlik strukturu ləngdir, dünya bazarındakı tələbləri qarşılamaqda çətinlik çəkir. Müdafiə Sənayesi Nazirliyinin ötən dövrdəki fəaliyyəti göstərir ki, tək daxilə köklənmə deyil, əsas diqqət xarici ixracata yönəlməlidir. Günün tələbləri “Azərsilah” ASC-nin yaradılmasını zərurətə çevirdi. Dövlət başçısının imzaladığı sərəncama diqqət etsək görərik ki, cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını və onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirməlidir. Həmçinin, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini təmin etməlidir. Keçmiş strukturda bu sahədə müəyyən problemlər mövcud idi. “Azərsilah” ASC isə özünü dolandıran qurum olacaq, eyni zamanda dövlətə xeyir gətirəcək. Cəmiyyət dünya bazarına daha aktiv şəkildə daxil olmağa çalışacaq. Həm özünün fəaliyyətini yaxşı təmin etmək, həm də dövlətin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün daha aktiv olmalıdır”.