Minimum əməkhaqqı artırılacaq

Artım bir sıra əməkhaqqı və sosial ödənişlərə də təsir göstərə bilər
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb.
Hazırda minimum aylıq əməkhaqqı 400 manatdır. Bu məbləğ 2025-ci ilin əvvəlindən qüvvədədir.
Ötən il orta illik inflyasiya 5,6 faiz, 2026-cı ilin ilk 8 ayında isə 5,7 faiz olub. Eyni zamanda, orta aylıq əməkhaqqı 2025-ci ildə 9,3 faiz, cari ilin ilk 7 ayında 7,2 faiz artıb.
İqtisadi göstəricilər nəzərə alınaraq, minimum əməkhaqqının 2027-ci ildə ən azı 10 faiz artırıla biləcəyi ehtimal olunur.
Artım ilk növbədə minimum əməkhaqqı alan işçilərin gəlirlərinə təsir edəcək. Bununla yanaşı, minimum əməkhaqqının yüksəldilməsi Vahid Tarif Cədvəli üzrə maaşların artırılması üçün də baza yarada bilər.
Həmçinin minimum əməkhaqqının məbləği müəyyən sosial sığorta və icbari tibbi sığorta ödənişlərinin hesablanmasına təsir etdiyindən, artım həmin ödənişlərin məbləğində də dəyişiklik yarada bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.