Azərbaycanda it əti satılır-100 manata qədər cəriməsi yoxdur
"Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm”.
Bunu "Yeni Müsavat”a müsahibəsində "Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovdeyib. O, bildirib ki, belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır: "Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin harmonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək”.
E. Hüseynov deyib ki, Azərbaycanda "leş mafiya”sı var və 20 ilə yaxındır bu mafiyə ilə mübarizə aparır: "İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçıya 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər.
Şanlı İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar.
Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq baxçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına "yaşıl işıq” yandırmaqdır.
Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...”