Azərbaycanda taksi xidmətlərinin qiymətləri artacaq
Dekabrın 1-dən Azərbaycanda qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və sair şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV tətbiq ediləcək.
Vergilər Nazirliyindən “Ölkə.Az”a verilən məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə Vergilər Nazirliyində UBER taksi xidmətlərinin vergi cəlb olunması məsələsi ətrafına bir neçə dəfə görüşlər keçirilib. “Banklar tərəfindən özlərinin proqram təminatlarında müvafiq texniki işlərin həyata keçirilməsi və UBER taksi xidmətlərinə görə Azərbaycan rezidentləri tərəfindən xaricə köçürülən məbləğdən ƏDV-nin tutulacağı onlara bildirilib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, artıq banklar tərəfindən dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiq olunacağı ilə bağlı müştərilərə mesaj göndərilir.
Xatırladaq ki, 2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV bu ilin əvvəlindən tətbiq edilməli idi. Amma kart prosessinq təşkilatları tərəfindən ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işləri yekunlaşmadığından bu, mümkün olmamışdı. Bu ilin noyabrın 6-da Vergilər Nazirliyində “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanallar üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Azericard”ın və bir sıra kommersiya banklarının nümayəndələri iştirak edib.
Görüş zamanı qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və s. şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV-nin tətbiq edilməsi ilə əlaqədar ortaya çıxan bəzi məqamlar qarşılıqlı müzakirə olunub. Müzakirə nəticəsində açıq qalan məsələlərə aydınlıq gətirilib və kart prosessinq təşkilatları tərəfindən ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işləri yekunlaşdırıldıqdan sonra Uber və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən Banklar tərəfindən 18% dərəcəsi ilə ƏDV-nin tutulmasına başlanması qərara alınıb.
Bununla əlaqədar olaraq, 07 noyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında “Uber” və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda “Uber” və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərə ƏDV-nin tətbiq olunması ilə bağlı yeni qərar bütün banklar və kart prosessinq şirkətləri ilə paylaşılıb və ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işlərinin yekunlaşdırılma tarixi ətrafında fikir mübadiləsi aparılıb.