AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İş adamları ilə görüşüb, onlara öz sözümüzü deyəcəyik” - Prezident

  • + A
  • - A
  • 19-07-2018, 10:40

    “İş adamları ilə görüşüb, onlara öz sözümüzü deyəcəyik” - Prezident















    "Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq”.

    Bunu Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

    "Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaq. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapıb. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük. 2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram, - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir. Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var”, - deyə o vurğulayıb.

    Prezident qeyd edib ki, Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir: "Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artıb. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaq. Azərbaycanda çox gözəl sərmayə iqlimi var. Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük. Xarici banklar öz maliyyə dəstəyini göstərib. Bu zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib. Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir. Beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır. Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq. Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq. Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaq. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq.

    Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılıb. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək. İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR