ADY-nin Tbilisi biletləri ilə bağlı rəqəmsal xidməti fiaskoya uğrayıb. Qurum vətəndaşı aldadan sistemi, boşuna vaxt itkisk və məsuliyyətsizliklə ad çıxarıb.
Azərbaycan Dəmir Yollarının (ADY) Tbilisi istiqamətinə bilet satışı ilə bağlı yaşanan problemlər yenidən ictimai narazılığa səbəb olub. Bu dəfə məsələ jurnalist Gülnar Nazimqızının paylaşımı ilə gündəmə gəlib. Ortaya çıxan mənzərə sərnişinin narazılığı ilə yanaşı dövlət qurumunun rəqəmsal xidmətlərinin etibarlılığı və vətəndaşa münasibəti ilə bağlı ciddi suallar yaradır.
Jurnalistin sözlərinə görə, ADY-nin rəsmi onlayn satış sistemində Tbilisidən avqustun 14-nə qayıdış üçün boş yerlər görünür. Lakin bilet almaq istədikdə sistem prosesi tamamlamır və istifadəçini səhifədən çıxarır. Problemi həll etmək üçün kassaya üz tutan vətəndaş gecə saatlarında növbəyə dayanır, təxminən iki saat gözləyir, sonda isə "bilet yoxdur" cavabı ilə qarşılaşır.
Vəziyyətin ən düşündürücü tərəfi kassada çalışan əməkdaşın "Onlayn sistemə inanmayın, kassaya yaxınlaşın" deməsi olub. Bu ifadə faktiki olaraq ADY-nin öz elektron platformasına etimad göstərmədiyini ortaya qoyur. Əgər qurumun rəsmi sistemi etibarlı deyilsə, vətəndaş hansı məlumata əsaslanaraq səfərini planlaşdırmalıdır?
Azərbaycan hökuməti son illər dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını prioritet istiqamət kimi təqdim edir. Elektron xidmətlərin genişləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Belə bir şəraitdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən ADY-də onlayn sistemlə kassadakı məlumatların fərqli olması, sistemin vətəndaşı yanlış məlumatlandırması ciddi narahatlıq doğurur.
Burada söhbət sadəcə texniki nasazlıqdan getmir. Məsələ insanların vaxtına, hüquqlarına və dövlət xidmətlərinə olan etimadına münasibətdən gedir. Vətəndaş işləməyən sistemə inanaraq plan qurur, gecə saatlarında kassalarda uzun növbələr gözləyir və nəticədə heç bir xidmət ala bilmir. Bu isə rəqəmsallaşmanın əsas məqsədinə tamamilə ziddir.
Belə hallar təkrarlanarsa, elektron xidmətlərə olan inam azalacaq və vətəndaşlar yenidən ənənəvi, vaxt aparan üsullara üz tutmağa məcbur qalacaqlar. Bu isə dövlətin rəqəmsal transformasiya siyasətinin effektivliyinə kölgə salır.
ADY baş vermiş hadisə ilə bağlı ictimaiyyətə ətraflı izahat verməli, medianın qarşısına çıxmalı (aylıq verdikləri mediada məddah yazılarla eyibləri örtməyə son verilməlidir - müəl.) onlayn sistemdə boş yer göstərildiyi halda kassada niyə bilet olmadığına aydınlıq gətirməli, eyni zamanda elektron satış platformasının etibarlı və şəffaf işləməsini təmin etməlidir. Əks halda, "rəqəmsallaşma" anlayışı vətəndaş üçün rahatlıq deyil, əlavə vaxt itkisi və məyusluq mənbəyinə çevriləcək.