Microsoft yaxın vaxtlarda Windows 12 əməliyyat sistemini təqdim etməyi planlaşdırmır. Bu barədə Windows Latest nəşri Windows və Surface istiqamətinin rəhbəri Pavan Davuluri-yə istinadən məlumat yayıb.
Son aylarda istifadəçilər arasında Windows 12-nin yaxın zamanda təqdim olunacağı ilə bağlı gözləntilər formalaşsa da, Microsoft rəsmisi şirkətin qarşıdakı elanlarının yeni əməliyyat sistemi ilə bağlı olmadığını bildirib.
Davulurinin sözlərinə görə, yaxın vaxtlarda proqram tərtibatçıları üçün bir sıra yeniliklər təqdim ediləcək, lakin bunlar Windows-un növbəti versiyasının buraxılışı demək deyil. Bununla da Microsoft Windows 12-nin tezliklə təqdim olunacağı barədə iddiaları faktiki olaraq təkzib edib.
Mütəxəssislər qeyd edirlər ki, yeni əməliyyat sisteminə maraq yüksək olaraq qalır. Bununla belə, şirkət hazırda mövcud platformanın inkişafına üstünlük verir. İstifadəçilər arasında isə Windows 11-in sabitliyi və funksionallığı ilə bağlı müzakirələr davam edir.
Xatırladaq ki, Windows 11 2021-ci ildə istifadəyə verilib və 2015-ci ildə təqdim olunan Windows 10-u əvəz edib. Son illərdə Microsoft əməliyyat sisteminin böyük yenilənmələrinə, eləcə də süni intellekt və bulud texnologiyalarının Windows ekosisteminə inteqrasiyasına üstünlük verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.