AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ondan yaxşı qardaş yox idi” kitablarının təqdimat mərasimi keçirilib

  • + A
  • - A
  • 18-03-2021, 14:08


    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Türkiyədə çap olunmuş “Cəhənnəmə sərinlik gəldi” kitabının, eləcə də Azərbaycan, rus, ingilis dillərində çap olunmuş “Ondan yaxşı qardaş yox idi” kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, məşhur “60-cılar nəsli”nin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığı, bədii və ekran əsərləri haqqında danışıb, yazıçının yeni çap olunan kitablarının Türkiyədə və ümumillikdə Türk Dünyasında onun irsinin daha da yaxından tanınmasına öz töhvəsini verəcəyini bildirib. “Cəhənnəmə sərinlik gəldi” kitabından bəhs edən Günay Əfəndiyeva: “Yazıçı bu əsərdə hesab etdiyi düzgün, hətta ideal baş qəhraman obrazını yaratdı və sübut etdi ki, bu cəhənnəmə baxmayaraq, zaman və məkandan asılı olmayaraq insan öz insani keyfiyyətlərini itirməyə bilər, öz əqidəsinə sadiq qala bilər” deyib.
    Təqdimatda Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək, sovet dönəminin iki qardaş xalq arasında xeyli ayrılıqlara səbəb olduğunu qeyd edib: “Sovet gerçəkliyini öyrənmək baxımından Maqsud İbrahimbəyovun bu əsərinin Türkiyədə nəşri çox böyük əhəmiyyət daşıyır. Belə əsərlərlə tanışlıq bizi ayrı salan zamanı, həmin dövrün gerçəkliklərini öyrənmək baxımından da gərəklidir”.
    “Azərbaycan və türk xalqları soy-kökü, tarix və mentaliteti ilə nə qədər bir-birinə yaxın olsalar da, bir-birinə doğru uzanan kökləri və mənəvi telləri mümkün qədər çox öyrənməli və bir-birini daha yaxından tanımalıdırlar. Bu tanımada ədəbiyyat əsas rol oynayır. Rusca yazmasına baxmayaraq, milli yazıçı olan Maqsud İbrahimbəyovun əsərləri bu mənada çox böyük rol oynayır. Ona görə də bu gün onun kitablarının təqdimat mərasimini əhəmiyyətli və əlamətdar hadisə hesab edirəm”. Bu sözləri Azərbaycanın xalq yazıçısı Elçin Maqsud İbrahimbəyov haqqında danışarkən deyib. O, iki qardaş xalq arasında olan ədəbi əlaqələrin daha da genişlənməsi zərurətindən də bəhs edib.
    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yazıçı dostunun yaradıcılıq məziyyətləri və sənətkarlıq xüsusiyyətlərindən bəhs edib.
    “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru , şair Səlim Babullaoğlu “Allahsızlıq dövrü”nün mənzərəsini təsəvvür etmək üçün yazıçının yeni çap olunan əsərini oxumağın vacibliyini diqqətə çatdırıb: “Həmin dövrü dərk etmək üçün Elçinin “Ölüm hökmü” əsəri ilə yanaşı, həm də Maqsud İbrahimbəyovun “Cəhənnəmə sərinlik gəldi” əsərini də oxumaq lazımdır. Məhz bu əsərlər sovet dövrünün çətinliklərini bütün qabarıqlığı ilə oxucuya çatdırır”.
    Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rəhbəri Anna İbrahimbəyova həyat yoldaşının yaradıcılığına verilən dəyər üçün və Fondda keçirilən təqdimat merasimini yüksək qiymətləndirib, nəşr olunan kitabların müəllifə yeni oxucu auditoriyası qazandıracağına inandığını söyləyib.
    Təqdimat mərasimində Azərbaycanın Xalq artisti, rejissor Vaqif Əsədovun rəhbərliyi altında Azərbaycanın əməkdar artisti Elşən Rüstəmov və aktyor Oleq Əmirbəyovun ifasında, Qəmərxanım Məmmədova (skripka) və İsmayıl Zülfüqarlının (tar) müşayiəti ilə Maqsud İbrahimbəyovun “Cəhənnəmə sərinlik gəldi” kitabından bədii kompozisiyalar təqdim edilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR