29 aprel 2021-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti xanım Günay Əfəndiyevanın Litva Respublikasının Xarici İşlər naziri cənab Qabrielius Landsberqis ilə görüşü keçirilib.
Qurumun rəhbəri Günay Əfəndiyeva görüşün əhəmiyyətindən bəhs edərək, nazirin Azərbaycanın tarixi Zəfər qazandığı günlərdə baş tutan səfərinin xüsusi önəm daşıdığını qeyd edib . O, Litvada yaşayan türk milli azlıqların - tatar və karaimlərin Türk Dünyasının ayrılmaz parçası olduqlarını vurğulayıb. Günay Əfəndiyeva eyni zamanda 2021-ci ilin “Litva tatarlarının tarixi və mədəniyyəti” ili elan edilməsi məsələsinə toxunaraq, bunun Litvanın öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətinin təzahürü olduğunu bildirib.
Litva Respublikasının Xarici İşlər naziri Qabrielius Landsberqis Fondda olmaqdan böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Litva arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini bildirib. Nazir Azərbaycana səfərinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan başlanmasının təsadüf olmadığını vurğulayıb. Fond ilə Litva arasında olan tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində gələcəkdə birgə layihələrin keçiriləcəyindən bəhs edən nazir, Günay Əfəndiyevanı Litvaya səfər etməyə dəvət edib.
Görüşdə tərəflər təşkilat ilə Litva arasında olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini və cari ilin fevral ayında Fond ilə Litva Respublikasının Azərbaycan Respublikasındakı və Türkmənistandakı səfirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumun maddələri əsasında gələcək planları müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.