Oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli
italyan bəstəkarı C. Puççininin “ Toska “ operasının tamaşası keçiriləcəkdir.
Premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Fransız dramaturqu Viktorian Sardın opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb etmişdi. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanmışdı. Beləliklə də L. İllika və C. Cakozanın librettosu əsasında Puççini “Toska“ operasının musiqisini yazmışdı. Operanın süjet xəttini Fransa imperatoru Napeleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları təşkil edir.
Oktyabrın 15-də keçiriləcək tamaşada Toska partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Viktoriya Çenskaya dəvət olunmuşdur. Əsas partiyalardan biri olan Kavaradossi rolunu Azərbaycanın Əməkdar artisti, İtalyanın La-Skala Akademiyasının solisti Azər Rza, Skarpia partiyasını isə Xalq artisti, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdulla ifa edəcəklər.
Tamaşada həmçinin Azərbaycanın Xalq artisti Əli Əsgərov. Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və b. iştirak edəcəklər.
Opera tamaşasını Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Dirijorların
beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.