"Göz həkimi" tamaşasına uşaq və yeniyetməlik vaxtı baxmışdım. Etiraf edim, sevərək baxmışdım. Bilmirəm güclü rejissor işi idi, yoxsa, peşəkar aktyorların düzgün seçimi tamaşanı baxımlı etmişdi. Sonra dərs, tələbəlik, ailə, işlərin çoxluğu və... yerli kanallarımızdakı səviyyəsiz, bayağı verilişlər üzündən kanalları sildirdim, tamamilə yerli köhnə tamaşa və filmlərdən uzaq düşdüm. Babalı tamaşaçıları efirlərindən uzaqlaşdıran efir sahiblərinin boynuna. Əlqərəz, mövzudan uzaqlaşmayım. Ortaq dostumuz rəhmətlik jurnalist İlqar Qulusoydan mənə yadigar qalan əziz Gülnar xanım Hacıyeva mənə yazıb tamaşasına dəvət edəndə, tamaşanın adını soruşdum. Gülnar xanım biıdirdi ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə İ.Səfərlinin eyni adlı pyesi əsasında "Göz həkimi" tamaşasına quruluş verib, GəncTamaşaçılar Teatrının səhnəsində görkəmli Oftolmoloq-alim Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə tamaşaya qoyulacaq.
... Təyin olunan vaxt Gülnar xanım üçün bir dəstə çiçək alıb tamaşaya yollandım. Mənə çox maraqlı idi ki, illər əvvəl möhürünü vurmuş tamaşanın yenidən səhnəyə qoyulmasına özündə cəsarət tapan Gülnar xanım belə çətin, məsuliyyətli işin öhdəsindən necə gələcək?
Gənc Tamaşaçılar Teatrına yığışanlar möhtəşəm gün yaşadı desəm, yanılmaram... Səhnənin dekorasiyası, aktyor seçimi, rejissor işi, tamaşaçı hörməti harmoniya yaratmış, hər şey bir-birini tamamlayırdı. Tamaşadan o qədər təsirləndim ki, nə gizlədim, Pavlova gözlərini açmaq üçün edilən yalvarışlarda kövrəldim. Əsərin qəhrəmanı gənc cərrah İradə xanıma basqıları izlədikdə ciddi qadağaların, bürokratiyanın tüğyan etdiyi, müstəqil heç bir qərar vermək hüququ olmayan Azərbaycan SSRİ-də mərhum Zərifə xanımın hansı çətinliklərlə nailiyyətlər əldə etməsi, tibb elmində əbədi kök saldıqlarını zənn edən, heç bir yeniliyi qəbul etməyən "professorların" əjdaha kimi işıqlı insanların qarşısını kəsdikləri canlanırdı göz önümdə. Qısası, bütün tamaşa boyu duyğulu anlar yaşadım.
Tamaşanın sonu ürəkdən gələn sürəkli alqışlar, tamaşaçı məhəbbəti, çiçək dəstələri...
Familyalarını, kimin hansı rolda oynayan aktyor olmasını dəqiq bilməsəm də, Gülnar xanımın özünün dediyi kimi güvənib ətrafına yığdığı, tamaşaçı qarşısında həmişə başını uca edən aktyorları və texniki heyyət Şəfəq xanım, Kərəm bəy, Elnur bəy, Elşən bəy, Səbinə xanım, Zülfiyyə xanım, Mehriban xanım, Zümrüd xanım, Ədalət müəllim, Ramil bəy, İlham bəy, assisenti Gülnar xanıma, quruluş hissə müdiri Zəminə xanıma, truppa müdiri Ələsgər müəllimə, işıqçı rəssam Vadim bəyə, musiqi rejissoru Zaur bəyə, kostyum sexinin rəhbəri Səmayə xanıma, rekvizit Aliyə xanıma, qrim üçün Vüsalə xanıma, səhnə maşinistləri Nadir bəyə, Orxan bəyə, Əhməd bəyə bir sözlə, əməyi olan hər kəsə Gülnar xanıma verdiyi özgüvənə görə, onun başını uca etdiyinə görə mən də ayrıca təşəkkür edirəm. Gülnar xanım zəhmətkeşdi, peşəkardı, uğurları sevindirir. Heç olmasa ayda 1 dəfə tamaşalara getməyi həyat tərzimizə çevirək.
Elnurə Abuşova