AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin inkişafının göstəricisidir

  • + A
  • - A
  • 22-07-2024, 13:04

    Müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin inkişafının göstəricisidir

    “1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazıldı. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Mətbuatın müstəqillik dövrü müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin həyata keçirdiyi və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ulu Öndər Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar oldu, qəzet və jurnal bolluğu yarandı. Yaradılan möhkəm təməl növbəti uğurlara yol açdı. Azərbaycan demokratiya təcrübəsi nümunə olan ölkə kimi dünyanın diqqətindədir.”
    Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
    Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər sahələr kimi, mətbuatda da özünün aydın ifadəsini tapır: “Dövrün tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə günümüzün əsas çağırışları sırasındadır. Mətbuatımız müasir dövrün tələblərini yüksək səviyyədə yerinə yetirərək cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin edir. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu baxımdan inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyan Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.”
    Əliabbas Salahzadə vurğulayıb ki, bu gün qalib Azərbaycanın mətbuatından və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs edirik: “Şanlı Qələbəmizin yaratdığı reallıqlar mətbuatda yeniliklərə, təkmilləşməyə çağırışlar etdi. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanmasında məqsəd Azərbaycanda medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması idi. Bu sənədə əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Bu mühüm addım medianın inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqləyir. Medianın inkişafına yönələn addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbulunu qeyd edə bilərik. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. İnternet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.”
    Millət vəkili hər zaman həqiqətlərimizin təbliğatçısı olan mətbuatımızın 44 günlük Vətən müharibəsi, eyni zamanda, bir günlük antiterror tədbirləri dövründə xidmətlərindən, jurnalistlərin fədakarlığından geniş bəhs edərək bildirib ki, mediamız Zəfərləriimizin müjdəçisi olmaqdan qürurludur: “Vətən müharibəsinin qəhrəmanlıq dastanına çevrilən hər günü ilə bağlı ölkə və dünya ictimaiyyətini məlumatlandıran, qələbə xəbərlərini çatdırmaqdan qürur duyan yazılı və elektron KİV-lər son 4 ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin hər anının təbliğatçılarıdırlar. Yeni dövrün çağırışlarına uyğun olaraq təkmilləşən mətbuatımızın qarşısında yeni imkanlar açılmaqla yanaşı, yeni vəzifələr də dayanır. Birgə səylər hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün əsasdır.”
    Əliabbas Salahzadə tarixi Zəfərimizin reallıqları fonunda iki dost, qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında Ortaq Media Platformasının yaradılmasını, həmçinin Şuşa Qlobal Media Forumunun keçirilməsini xüsusi qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin təklifi ilə Şuşa Qlobal Media Forumu artıq ənənəyə çevrilib: “İyulun 20-də ikinci Şuşa Qlobal Media Forumunun açılışı oldu. Dövlət başçısı İlham Əliyev Forumun müzakirəyə çıxardığı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzuya uyğun olaraq fikirlərini açıqladı. Yalan məlumatların ifşasının bütün dövrlər üçün aktuallığından bəhs edən cənab İlham Əliyev bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, Əlbəttə, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Müxtəlif xarici qonaqlarla görüşlərdə, səmimi söhbətlərdə mütləq hallarda ötürülən mesaj bu olur ki, Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik.”
    Millət vəkili qeyd edib ki, Azərbaycan real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə ölkəmizə qarşı atılan qərəzli addımları cavablandırır: “Dünyanın ikili standartlara əsaslanan siyasəti hadisələrə real yanaşmalara mane olur. Artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin 30 il dünyadan ədalət gözləməsi bütün bu məqamlara işıq saldı. Maraqlar ədaləti və beynəlxalq hüququ üstələdi, bu isə öz növbəsində ölkəmizə qarşı əsassız, qərəzli təbliğatların davamlılığına yol açdı. Bu addımlar Azərbaycanı ruhdan salmadı, əksinə hücum diplomatiyasını uğurla həyata keçirərək həqiqətlərimiz faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırıldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə diplomatik qələbələrimiz əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycan suverenliyinin tam bərpa edilməsi ilə yeni dövrün yeni hədəflərinə doğru inamla addımlayır. Dövlətimizin başçısı İlham Əliyev ikinci Şuşa Qlobal Media Forumunda “Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir” sualını cavablandırarkən bildirdi ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik.”
    Əliabbas Salahzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı çağırışlarla zəngin olur: “Bunlar isə öz növbəsində həm Azərbaycanın, həm də regionun gələcəyi barədə aydın təsəvvür yaradır. Hazırkı dövrdə ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səylər göz qabağındadır. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, uzunmüddətli sülh mümkündür və təbii ki, ona üstünlük veririk.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR