Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 6 may 1996-cı ildə Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdə tam əminliklə qeyd etmişdir ki, “bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da, azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar”. Ulu Öndərin ən böyük arzusu olan Şuşanın azad edilməsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhraman Silahlı Qüvvələrimiz gerçəkləşdirdi.
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən noyabrın 8-i Zəfər Günü kimi təsis edildi. Gürurverici məqamlardan biri də 2021-ci il yanvarın 14-də baş verdi. Məhz həmin tarixdə Dövlətimizin Başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 8 noyabr Şuşa şəhəri günü kimi müəyyən olunub. Döyüş meydanında qazanılan möhtəşəm uğurumuzu səciyyələndirən Dövlət Başçısı demişdir ki, “Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.
İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da möhtəşəm, irimiqyaslı layihələr həyata keçirilir, infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanılmışdır.
Şuşa şəhəri Cənubi Qafqazın incisi kimi yeni çalarları ilə parlayacaq və dünya mədəni irsində özünəməxsus yerini tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.