N.PAŞİNYAN SÜLHLƏ BAĞLI QARIŞIQ FİKİRLƏR SƏSLƏNDİRİR
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentin iclasında verdiyi açıqlamalarla gündəmə gəlib. Baş nazir siyasi qüvvələri sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb və bildrib ki, Azərbaycanla sülh olacaq:
Sitat:
"Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa və Minsk qrupunu ləğv etməyə hazırdır. Ona görə də eskalasiya və yeni hərbi əməliyyatlar üçün heç bir əsas yoxdur. İki sənədi - həm sülh sazişinin bağlanmasını, həm də ATƏT-in Minsk qrupunun buraxılmasını eyni gündə imzalamağı təklif edirəm" - deyə o bildirib.
Millət vəkili Sevinc Fətəliyeva AzadMedia.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfinin səsləndirdiyi fikirlər əhəmiyyətli deyil:
“Aydındır ki, sülh sənədini imzalamaq olar. Çünki bu sazişin imzalanması önəmlidir Amma Konstitusiyada başqa dövlətə ərazi iddiası varsa, imzalanan sülh sənədinin də mənası olmayacaq. O baxımdan ki, Ermənistanda yeni rəhbərlik hakimiyyətə gəlsə, yenidən revanşist fikirlər baş qaldıracaq. Bu sazişin imzalanması üçün səmimi olmaq lazımdır. Bu gün Cənubi Qafqazin inkişafı çox əhəmiyyətlidir. Ermənistan özünü regional məsələlərdən təcrid edir. Bizim siyasətimiz isə aydındır. Biz nəticəyə yönəldilmiş prosesin içindəyik. Ermənistan dəfələrlə nəyəsə hazır olduğunu deyib. Amma sonda qarışıq məqamlar ortaya çıxır”.
Sülh gündəliyindən danışan Paşinyanın silahlı qüvvələri demək olar ki, hər gün şərti sərhəddə təxribatlar törədir. Bəs onda bunu kimin ayağına yazaq? Atəşkəs rejiminə ciddi riayət olunması barədə dəfələrlə Ermənistan Silahlı Qüvvələrinə göstəriş verdiyini açıqlasa da heç bir nəticə əldə olunmayıb. İnd də deyir ki, İrəvan müvafiq mexanizm yaratmaqla sərhəd insidentlərinin Azərbaycanla birgə araşdırmağa hazırdır. Görünən odur ki, Ermənistan sülh məsələsində səmimi deyil.