AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın intibah dövrü

  • + A
  • - A
  • Dünən, 13:56

    Azərbaycanın intibah dövrü


    “14 iyul 1969-cu il. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə birinci dəfə gəldiyi bu tarixin ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsində Azərbaycan 1982-ci ildə artıq qabaqcıl yerlərdə oldu. Əgər iki respublika donor ölkə idisə, onlardan biri Azərbaycan idi. O vaxt dahi şəxsiyyətin gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli Lider ilk hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək müstəqilliyimizi daimi, sarsılmaz etdi, dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

    Malik Həsənov qeyd edib ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, kadr hazırlığı, gənclərin son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və sair kimi mühüm addımlar Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış fəaliyyətinin əsas tərkib hissələridir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın o illərdə keçdiyi inkişaf yolunu təhlil edərkən bildirir ki, 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə ölkəmiz yenə tənəzzülə uğradı və bu, əslində yenicə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik.

    “Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən başlamışdır” söyləyən millət vəkili onu da əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə Ümummilli Lideri təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq dövrünə qayıtdı. Bir sözlə, 1969-cu ildən başlanan quruculuğun 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müasir müstəqil Azərbaycan dövlətinin daha da güclənməsini, qüdrətlənməsini şərtləndirdi”.

    Malik Həsənov vurğulayıb ki, möhkəm təməl Azərbaycanın davamlı uğurlarında stimulverici amildir: “2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli, möhtəşəm uğurlara imza atır. Artıq beş ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Qalib, bütövləşən Azərbaycan işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir. Soydaşlarımız mərhələ-mərhələ Böyük Qayıdışın sevincini yaşayırlar. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu gerçəkləşdirdi. Heydər Əliyev yolu ölkəmizə, xalqımıza daim uğurlar qazandırır. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Sərkərdəsi olan xalq xoşbəxtdir, yenilməzdir, məğrurdur”.

    Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, əsası 1969-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR