Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüTürkmənistan, Azərbaycan və Özbəkistan liderləri arasında cari ilin 22 avqust tarixində keçirilən yüksək səviyyəli görüş əyani formada nümayiş etdirdi ki, türk dünyasını təmsil edən ölkələrin strateji əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan və Türkmənistan müstəqil dövlətlər olaraq yeni üfüqlərə doğru birgə addımlar atırlar. İki dövlət arasında 9 iyun 1992-ci ildə qurulan diplomatik əlaqələr surətlə inkişaf etmişdir və siyasi sahə ilə yanaşı iqtisadi, nəqliyyat, logistika, humanitar sahələrdə də surətli dinamizm nümayiş etdirir. Ayrıca olaraq parlament diplomatiyası sahəsində əməkdaşlıq diqqəti cəlb edir və onun inkişafı üçün 7 dekabr 2022-ci ildə Azərbaycan və Türkmənistan Parlamentləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Bizim əlaqələrimniz geniş normativ-hüquqi bazaya əsaslanır və 108 beynəlxalq razılaşmanı əhatə edir. Bu sırada xüsusilə 11 mart 2017-ci il tarixli “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” qeyd edilməlidir.
İqtisadi sahədə əməkdaşlıq dövlətlərimizin xüsusi diqqəti mərkəzindədir. 2024-cü ildə Azərbaycan Respublikasının Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 383,71 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 303,47 milyon ABŞ dolları, ixracın həcmi 80,24 milyon ABŞ dolları təşkil etmişdir. Səmərəli əməkdaşlıq modelini təsdiq edən nümunələr sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də imzalanan Anlaşma Memorandumu xüsusi yeri tutur. 12 avqust 2018-ci il tarixində Aktau şəhərində “Xəzər dəniznin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması və 12 fevral 2019-cu ildə dövlətimiz tərəfindən bu sənədin təsdiq olunmasından qısa müddət sonra belə bir Memorandumun imzalanması irimiqyaslı əməkdaşlığın əyani tasdiqidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.