Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” ölkədə əmək bazarının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində atılmış mühüm addımdır. Sənəd yalnız işsizliyin azaldılmasını deyil, həm də keyfiyyətli məşğulluğun genişləndirilməsini, əmək məhsuldarlığının artırılmasını və insan kapitalının inkişafını strateji hədəf kimi müəyyən edir.
Məşğulluq anlayışı artıq təkcə yeni iş yerlərinin yaradılması ilə məhdudlaşmır. Rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və innovativ sahibkarlıq əmək bazarının yeni tələblərini formalaşdırır. Tədbirlər Planı da məhz bu reallıqları nəzərə alaraq hazırlanıb və iqtisadi inkişafla məşğulluq siyasəti arasında daha güclü əlaqənin qurulmasını nəzərdə tutur.
Sənədin əsas üstünlüklərindən biri regionların inkişafına xüsusi diqqət ayrılmasıdır. Regionlarda investisiya fəallığının artırılması, gənclərin startap layihələrinin dəstəklənməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və kənd turizminin inkişafı həm yeni iş yerlərinin yaradılmasına, həm də regionlardan əmək miqrasiyasının azalmasına xidmət edəcək.
Özünüməşğulluq proqramının yeni mexanizmlərlə gücləndirilməsi də diqqətçəkən istiqamətlərdəndir. Məqsəd artıq yalnız vətəndaşlara aktivlər təqdim etmək deyil, onların dayanıqlı biznes subyektlərinə çevrilməsinə, rəsmi sahibkarlıq fəaliyyətinə başlamasına və yeni iş yerləri yaratmasına dəstək verməkdir. Bu yanaşma dövlət dəstəyinin uzunmüddətli iqtisadi nəticələr verməsinə imkan yaradacaq.
Tədbirlər Planında rəqəmsal transformasiya xüsusi yer tutur. Məşğulluq xidmətlərinin tam elektronlaşdırılması, süni intellekt əsaslı xidmətlərin tətbiqi, "Peşələr üzrə elektron atlas"ın yaradılması və əmək bazarının proqnozlaşdırılması üçün yeni rəqəmsal alətlərin hazırlanması dövlət xidmətlərinin daha operativ, şəffaf və əlçatan olmasını təmin edəcək.
Sənəddə peşə təhsili sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyən olunub. Dual peşə təhsilinin genişləndirilməsi, sənayeyönümlü ixtisasların artırılması, yaşıl iqtisadiyyat üçün yeni peşə proqramlarının hazırlanması və beynəlxalq sertifikatlaşdırma sistemlərinin tətbiqi Azərbaycanın rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına xidmət edəcək.
Xüsusilə sosial həssas qrupların məşğulluğunun gücləndirilməsi Planın sosial yönümlü mahiyyətini göstərir. Qadınların, gənclərin, dövlət uşaq müəssisələrindən məzun olmuş şəxslərin və digər həssas kateqoriyaların əmək bazarına inteqrasiyası üçün ayrıca tədbirlərin nəzərdə tutulması inklüziv inkişaf siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Digər mühüm istiqamətlərdən biri qeyri-formal məşğulluğun azaldılması və əmək münasibətlərinin leqallaşdırılmasıdır. Elektron nəzarət mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə tədbirləri və dövlət qurumları arasında məlumat inteqrasiyasının gücləndirilməsi əmək bazarında şəffaflığın artmasına və işçilərin sosial təminatının güclənməsinə şərait yaradacaq.
Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə yeni mexanizmlərin yaradılması isə gələcəkdə qəbul ediləcək qərarların daha dəqiq statistik və analitik əsaslara söykənməsinə imkan verəcək. Bu yanaşma iqtisadiyyatın ehtiyac duyduğu peşələrin əvvəlcədən müəyyən edilməsinə, təhsil proqramlarının uyğunlaşdırılmasına və kadr hazırlığının daha səmərəli təşkilinə xidmət edəcək.
Ümumilikdə, 2026–2030-cu illər üçün Tədbirlər Planı Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Sənəd göstərir ki, dövlət məşğulluq siyasətini yalnız sosial müdafiə aləti kimi deyil, iqtisadi artımın, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının və dayanıqlı inkişafın əsas sütunlarından biri kimi qiymətləndirir.
Bu strategiyanın uğurlu icrası nəticəsində əmək bazarında çeviklik artacaq, innovativ sahibkarlıq genişlənəcək, regionlarda iqtisadi fəallıq güclənəcək və ölkənin uzunmüddətli iqtisadi inkişafına töhfə verəcək yeni keyfiyyət mərhələsi formalaşacaq. Xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt və yaşıl iqtisadiyyat istiqamətlərinin məşğulluq siyasətinə inteqrasiyası Azərbaycanın gələcəyin əmək bazarına indidən hazırlaşdığını nümayiş etdirir.
Qısa desək, 2026–2030-cu illər üçün Tədbirlər Planı iqtisadi inkişafın insan kapitalına söykənən modelini gücləndirir