AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana qarşı qərəzli münasibət

  • + A
  • - A
  • 3-02-2024, 16:30

    Azərbaycana qarşı qərəzli münasibət

    Əminə Ağazadə
    Milli Məclisin deputatı


    Göründüyü kimi, Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Avropada hesab edirlər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır.

    Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa İttifaqı və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib.

    AŞPA bu illər ərzində üzvü olan bir ölkənin - Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

    Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Əminliklə demək olar ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

    Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR