Prezident İlham Əliyev prokurorluq işçilərini təbrik etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarını təbrik edib.
Təbrikdə deyilir: Hörmətli prokurorluq əməkdaşları və veteranlar!
Sizi Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1 oktyabr 1918-ci ildə yaradılmış prokurorluq orqanları bir əsrlik şərəfli inkişaf yolu keçmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci ildə imzaladığı Sərəncamla oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis etmişdir.
Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.
Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Əminəm ki, yüz illik tarixi olan Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.
Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə nailiyyətlər arzulayıram”.