Qəbələdən Dünyaya Mesaj: İlham Əliyev və Volodimir Zelenski Görüşündə Strateji Güc və Yeni Geosiyasi Düzən

Politoloq Ülkər Piriyeva
YAP Nərimanov rayon təşkilatının üzvü
Bakı, 29 aprel - Azadmedia.az
Politoloq Ülkər Piriyeva Azadmedia.az-a verdiyi siyasi şərhdə İlham Əliyev ilə Volodimir Zelenski arasında Qəbələ şəhərində keçirilən son görüşü dəyərləndirib. Şərhdə Azərbaycan və Ukrayna dövlət başçılarının bu görüşü yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də geniş geosiyasi proseslərin fonunda baş verən strateji hadisə kimi təhlil olunur.
Qəbələ şəhərində prezident İlham Əliyev ilə prezident Volodimir Zelenski arasında keçirilən görüşü təkcə iki ölkə münasibətləri çərçivəsində deyil, daha geniş geosiyasi kontekstdə dəyərləndirirəm. Bu görüş, qlobal güc balansının yenidən formalaşdığı bir mərhələdə baş tutmaqla yanaşı, ciddi strateji mesajlar verdi və yeni əməkdaşlıq arxitekturasının konturlarını müəyyənləşdirdi.
Qənaətimə görə, bu görüşün əsas mahiyyəti Azərbaycan–Ukrayna münasibətlərinin klassik diplomatik çərçivədən çıxaraq strateji koordinasiya mərhələsinə keçməsindədir. Son illərdə liderlər səviyyəsində intensiv təmaslar təsadüfi deyil; bu, qarşılıqlı etimadın və siyasi iradənin davamlılığını göstərir. Xüsusilə tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi prinsipial dəstək beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin açıq ifadəsidir və bu günkü mürəkkəb beynəlxalq mühitdə ciddi siyasi çəkisi olan mövqedir.
Energetika sahəsində əməkdaşlıq bu görüşün strateji sütunlarından biri kimi çıxış edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Ukrayna ilə bu istiqamətdə əməkdaşlığın genişlənməsi artıq yalnız ikitərəfli məsələ deyil. Hesab edirəm ki, bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından mühüm geosiyasi alətə çevrilə bilər. Xüsusilə, Ukraynanın enerji infrastrukturunun zədələndiyi bir dövrdə Azərbaycanın təqdim etdiyi dəstək həm real, həm də simvolik baxımdan böyük əhəmiyyət daşıyır.
Müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq isə bu görüşün ən strateji və gələcək yönümlü istiqamətlərindən biridir. Ukraynanın müharibə şəraitində qazandığı operativ təcrübə və texnoloji çevikliyi ilə Azərbaycanın formalaşan hərbi-sənaye potensialının sintezi yeni keyfiyyət mərhələsi yarada bilər. Burada xüsusilə birgə istehsal, texnologiya transferi və müdafiə sistemlərinin modernləşdirilməsi perspektivlərini önə çəkirəm. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin müdafiə qabiliyyətini gücləndirmir, eyni zamanda regionda təhlükəsizlik balansına təsir edə biləcək yeni mexanizmlərin formalaşmasına zəmin yaradır.
Humanitar aspekti də ayrıca qeyd etmək lazımdır. Azərbaycanın Ukraynaya göstərdiyi dəstək, xüsusilə müharibədən zərər çəkmiş uşaqlara yönəlmiş proqramlar, ölkənin “yumşaq güc” strategiyasının effektivliyini nümayiş etdirir. Əlbətdə ki, bunu Azərbaycanın beynəlxalq arenada məsuliyyətli və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirən mühüm faktor kimi qiymətləndirirəm.
Qlobal səviyyədə baxdıqda isə bu görüş bir neçə mühüm nəticə ortaya qoyur. İlk olaraq, Azərbaycan Cənubi Qafqazda etibarlı dialoq platforması kimi rolunu daha da möhkəmləndirir. Ukrayna kimi mürəkkəb təhlükəsizlik mühitində olan bir dövlətin məhz Azərbaycanı seçməsi təsadüfi deyil. Bu, Bakının artan diplomatik çəkisinin göstəricisidir. İkinci olaraq, bu görüş Şərq və Qərb arasında yeni əməkdaşlıq modellərinin formalaşmasına işarə edir. Üçüncü mühüm məqam isə enerji, təhlükəsizlik və diplomatiyanın paralel inkişafı fonunda çoxşaxəli tərəfdaşlıq modelinin praktik təsdiqidir.
Nəticə etibarilə, prezident İlham Əliyevin bu görüş çərçivəsində ortaya qoyduğu siyasi xətt yüksək səviyyəli liderlik nümunəsidir. O, dəyişən geosiyasi reallıqları düzgün analiz edərək Azərbaycanın maraqlarını balanslı və praqmatik şəkildə qorumağı bacarır. Fikrimcə, onun siyasətində əsas fərqləndirici cəhət müxtəlif sahələri; təhlükəsizlik, iqtisadiyyat və humanitar istiqamətləri -paralel və sinxron şəkildə idarə edə bilməsidir.
Hesab edirəm ki, bu görüş bir daha sübut edir ki, prezident İlham Əliyev yalnız regional lider deyil, həm də qlobal prosesləri yönləndirmə potensialına malik siyasi aktordur. Onun rəhbərliyi altında Azərbaycan getdikcə daha çox etibarlı tərəfdaş, dialoq mərkəzi və strateji oyunçu kimi qəbul olunur. Bu isə artıq sadəcə diplomatik uğur deyil, yüksək səviyyəli siyasi gücün və uzunmüddətli strateji baxışın real nəticəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.