AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi Qələbəmizə sevinməyən “köhnə qvardiya”

  • + A
  • - A
  • 17-02-2021, 12:06


    “Cəmiyyət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.”
    Ulu öndər Heydər Əliyev


    Dədə Qorqudun dediyi “bu gəlimli gedimli, son ucu ölümlü dünya”da insanın həyatı çox qəribə, həm də güzəştsiz qurulub, göz açıb yumunca ömür-gün başa çatır. Amma yer üzündəki insanların ömrünü gödəldən, qayçılayan, hətta qamçılayan amillər də çoxdur. Onlardan bəlkə də ən birincisi, adamın yaşadığı cəmiyyətdə görüb, duyub, dərk etdiyi, eyni zamanda, üzləşdiyi ədalətsizliklərdir.
    Hər bir cəmiyyətin mənəvi varlığı və inkişafı üçün əsas prinsiplərdən biri də haqq-ədalətin bərqərar olmasıdır. Təbii ki, indiki cəmiyyətdə insanlar real həyatda baş verən haqsızlıqların miqyası barədə tez-tez virtual “məkanda” xəbər tuturlar. Son günlərdə Milli Məclisin vitse-spikeri Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev, nazir kürsüsündə olduğu vaxtlarda Səlim Müslümova “uçuruma gedirsən, özünə dur deməyi bacar!” deyən keçmiş maliyyə naziri Fikrət Yusifovun keçmiş nazirlər Heydər Əsədov və Səfər Əbiyev barədə açıqlamaları, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin Ramiz Mehdiyevi məhkəməyə verməsi və başqa “sensasiya” xarakterli faktlar sadə Azərbaycan vətəndaşını və oxucusunu artıq təəccübləndirmir. Ona görə ki, hələ torpaqlarımızın düşmən işğalı altında olduğu vaxtlarda “sabiq” dövlət məmurlarının Bakı və Bakıətrafı kəndlərdə, İsmayıllıda, Qəbələdə və Azərbaycanın digər dilbər güşələrində hündür hasarlarla “çərçivəyə” aldıqları dəbdəbəli villaları, mal-mülkləri, biznes şəbəkələri onların yalnız öz mənfəətlərini güddüyünü, cəmiyyətin xeyrinə çalışmadıqlarını bəlli edirdi.
    “Oyatma, mürgülü xatirələri…”
    Ramiz Mehdiyevlə bağlı açıqlamasında Adil Əliyev 83 yaşlı akademikin mərhum prezident Heydər Əliyevə və hazırkı ölkə başçıcı İlham Əliyevə sədaqətinin mübahisəli olduğunu bildirir: “Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.”
    A.Əliyev çox haqlı olaraq bildirir ki, uzun illər hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermir, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır: “Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir.”
    Vitse-spikerin sensasiya sayılacaq fikirlərindən biri məşhur “mandat alveri” qalmaqalına görə Ramiz Mehdiyevi təqsirkar bilməsidir. Onun fikrincə, akademik bu qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova və onun rəfiqəsi Sevinc Babayevanı güdaza verib: “Cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir.”

    Yaxşı ad qazanmaq istəyirsənsə, acgöz və həris olma!

    Ramiz Mehdiyevin susmaq əvəzinə, “döyüşdüyünü”, tez-tez aldığı orden və medallarla qürrələndiyini vurğulayan Adil Əliyev onun
    AMEA -nı şəxsi obyektinə çevirdiyini də qeyd edib: “Dövlət qurumunun rəsmi saytını şəxsi bloqu kimi idarə edir. Bu ixtiyarı ona kim verib? Saytda elmi məqalələrdən çox Ramiz Mehdiyevin deputatlara və digər şəxslərə cavabları dərc olunub. Görün ölkənin elm ocağına kim rəhbərlik edir. Azərbaycan 44 gün düşmənlə müharibə apardı və misilsiz qələbə qazandı. Vətən müharibəsində hamımız dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdik... Ramiz Mehdiyevin isə həm müharibə, həm də müharibədən sonrakı mərhələdə aktivliyini görmədik. Qələbəmizə sevinməyən iki nəfərdən biri olan Ramiz Mehdiyev sevinsəydi, o boyda AMEA adından təbrik yayardı. Onun hansı qüvvələrə arxalandığı bəllidir!”, - deyə vitse-spiker AMEA-da mütəmadi yoxlamalar aparılmasını, nöqsanlar üzə çıxarılaraq tədbir görülməsini təklif edib.

    Mübarizə bu gün də var, yarın da…

    Bəli, biz 44 günlük Vətən müharibəsində düşmənə qalib gəldik. Xalqımıza bu qələbə sevincini bəxş edən igid cəngavərlərin timsalında cəsarət, rəşadət, mətanət deyliən dədə-baba əmanətləri ilə yanaşı, Vətənə sədaqətin, torpaq uğrunda misilsiz fədakarlıqlarının şahidi olduq. Fəqət düşmənlə müharibə bitsə də, özümüzün özümüzlə, öz nəfsimizlə savaşımız hələ də davam edir. Cəmiyyətimiz hələ də tamaha məğlub olan məmurların törətdikləri əməllərin əziyyətini çəkir.
    U.Çörçill özünün məşhur nitqlərinin birində deyirdi: “Demokratiya heç də ən ideal siyasi sistem deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapmayıb…” Biz də demokratik cəmiyyətdə yaşayırıq, çox təəssüf ki, dövlətin etimadını doğrultmayan bir çox səlahiyyət sahibləri özlərini xüsusi imtiyazlı şəxs kimi xalqdan üstün tutub, vəzifəsindən, siyasi mövqeyindən sui-istifadə ediblər. Axı Ulu Tanrı xalqımızdan heç nəyi əsirgəməyib, Odlar yurdumuza zəngin sərvətlər bəxş edib. Şübəsiz ki, “mənim olsun” ehtirası ilə ölkənin sərvətini talayan məmurlar nə şəhid ailəsini, nə yaralı əsgəri, nə də problemlər içində çabalayan yurdun ziyalısını özünə doğma biliblər. Şəxsi maraq hissi ilə milli hədəflərimizi, hətta qələbimizi ləngidənlər də az olmayıblar. Elə Fikrət Yusifovun "Səfər Əbiyev tacirlik etdiyi qədər ordu quruculuğu ilə məşğul olsaydı, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı" fikri də belə amillər silsiləsindəndir.

    Yazmaq, özü də gerçəyi yazmaq ikiqat işgəncədir

    Bu, bir həqiqətdir ki, sabiq müdafiə nazirinin “xaricə” gedişindən sonra Azərbaycan Silahlı Qüvvəlləri surətlə dirçəldi. S. Əbiyev Azərbaycanın müstəqillik dövründə Milli Ordumuzun əsgər və zabitləri ilə “rus dilində” danışan yeganə müdafiə nazir olub. Üstəlik onun dövründə atəşkəsi pozan erməni silahlıları tərəfə atəşlə cavab verən əsgər və zabitlərlərimiz sorğu-sual edilirdi. Onun kimi bəzi generallar və yüksək statuslu “köhnə qvardiya” mənsubları belə fikirlər aşlayırdılar ki, güya təxribatçı ermənilərin “toyuğuna” kiş desək, qarşımızda rus ordusunu görəcəyik! Bəs nə oldu? Niyə onların bir çoxu vəzifə kürsüsündən uzaqlaşdırılan kimi qələbəyə gedən yolarımız birdən-birə hamarlaşdı?!
    Adama hərdən elə gəlir ki, “təbliğat” mexanizmiləri getdikcə toz basan keçmiş məmurların çoxu Azərbaycanda mövsümi işdə çalışıblar, məqsədləri də ancaq sərvət yığıb “aradan çıxmaq”, “inzivaya” çəkilmək olub. Amma varidatı milyardlarla qiymətləndirilən bəzi sabiqlər mətbuata elə açıqlamalar verirlər ki, sanki qələbəmizdən məmnun deyillər…
    Qarabağımızı dirçəltmək üçün...

    Yaxşı olardı ki, “sabiqlər alayı” yüksək vəzifə başında qazandıqları, xalqdan, dövlət büdcəsindən oğurladıqları milyardları Qarabağda bərpa proseslrinə yönəltmək barədə açıqlamalar verəydilər. Bununla onlar qismən də olsa həm öz vicdanlarının, həm də xalqın tənəsindən qurtular, ədalət məhkəməsi qarşısında “cəzalarını” yüngülləşdirmiş olarlar. Bu “fantastik”, “gözlənilməz” addım sabiqlərin çörəyini yediyi, suyunu içdiyi yurda sadiqliyin, “özünəqayıdışın”təntənəsi kimi də örnəyə çevrilərdi. Müdrik kəlamların birində deyilir: “Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.” Siz də özünüzü belə ləzzətdən mərhum etməyin, cənab sabiq məmurlar!..
    Ali Baş Komandanın rəhbəriliyi ilə düşmən üzərində tarixi Qələbəmiz isə bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin də zəfər qazanacağına əsas verir. Elə Prezidentin poeziya dünyasının dahisi Nizmi Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi ili” və Qarabağın incisi Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsinin bir hikməti budur. Azərbaycanın böyük mütəfəkkirinin dediyi kimi:

    Qoy ədalət zəfər çalsın,
    Zülm məhv olub alçalsın.
    Şərəflənsin qoy səxavət,
    Mərdlərə halaldır şöhrət.

    Qoy millətimiz zaval görməsin, dövlətimiz əbədi olsun, bayrağımız ən uca zirvələrdə dalğalasın!

    Nurəddin Muğanlı, “İki sahil”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR