Qüdrət Həsənquliyevdən ŞOK - "Sən özünü kişi saymırsan?" - VİDEO
“Yaltaqlığın ən iyrənc forması başaqsını təhqir etməklə, aşağılamaqla yaltaqlanmaqdır”
Qüdrət Həsənquliyev: “Belə adamlar dərhal vəzifədən kənarlaşdırılmalıdır”
“Bir-iki dəqiqəlik çıxışımda bəzi məsələlərə toxunmaq istəyirəm. Çıxışımı İmmanuel Kantın belə bir fikri ilə başlamaq istıəyirəm. O yazırdı ki, “vicdanı daxilimizdə məhkəmə quran Allahın təmsilçisi kimi qəbul etməliyik. İnsanın ağlı borc və qanunun anlayışları səviyyəsinə yüksələndə o vicdanlı varlığa çevrilir”. Düşünürəm ki, bu gün hakim kimi təsdiq edəcəyimiz şəxslər dövlət və övladlarımız qarşısında öz borclarını dərk edən şəxslərdir”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, bizim qəbul etdiyimiz qanunlara əməl edilməyəcəksə, qanunu pozanlar məsuliyyətə cəlb olunmayacaqlarsa, vətəndaşların qanun qarşısında bərabərliyi təmin olunmayacaqsa həmin qanunlaın heç bir dəyəri yoxdur: “Hörmətli hakimlər hakimiyyətin müstəqil qanadı kimi ədalətli cəmiyyət quruculuğunda böyük məsuliyyət daşıyırlar. Hakimlərimiz ədalətli və vicdanlı qərarları ilə həm iqtisadiyytın inkişafına öz töhfələrini verə bilərlər, həm də gənc hakimlər üçün nümunə olub, məhkəmə təcrübəsi yaratmalıdırlar. Məni narahat edən 2 məsələ var. Biz bəzən mətbuatda oxuyuruq ki, məhkəmə istintaqı zamanı bizim bəzi hakimlərimiz açıq formada məhkəməyə və dövlətə meydan oxuyan ifadələri dinləyirlər. Məsələn, şahid qismində dəvət olunmuş hansısa şəxs bəyan edir ki, filan qədər pul oğurlamışıq və filan qədər puldan filan qədəri də mənə çatıb. Amma sonradan hakimlər, məhkəmələr tərəfindən həmin şəxsin məsuliyyətə cəlb olunması üçün müvafiq qərarları biz görmürük. Bu, insanların ədalət mühakiməsinə olan inamını sarsıdır, dövlətin nüfuzuna böyük zərbə vurur. Yaxud əksini də müşahidə ediirk ki, Azərbaycanda bəraət hökmlərinin sayı olduqca azdır. Hətta ən inkişaf etmiş ölkələrdə belə kifayət qədər bəraət hökmləri çıxarılır. Belə olacağı təqdirdə düşünürəm ki, bizim istintaq orqanlarının, müstəntiqlərin də məsuliyyəti artmış olacaq və cəmiyyətimiz bundan faydalanacaq. Namizədliyini irəli sürmüş hakimlərin böyük əksəriyyətini tanıyıram. Tanıdığım şəxslərin əksəriyyəti vicdanlı insanlardırlar. Ona görə də mən onların təsdiq olunmasına səs verəcəyəm. Amma hesab edirəm ki, onlar da bizim bu çıxışlarımızdan nəticə çıxaracaqlar”.
““Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özəlləşdirilməsi vacibdir”
Q.Həsənquliyev “2017-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb: “Xüsusilə müsbət haldır ki, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı müəyyən maliyyə təminatının yaradılması, uşaq texniki yaradıclıq mərkəzlərinin, ilk peşə ixtisas təhsil müəssisələrinin saxlanılması xərclərinin və bir sıra digər zəruri xərclərin tənzimlənməsi üçün ayrılan vəsaitlər tərəfimizdən müsbət qiymətləndirilir. Eyni zamanda, ehtiyac meyarının 105 manatdan 116 manata qaldıırlması da insanlarımız tərəfindən təqdir olunur”.
Millət vəkili bir sıra dövlət qurumlarının özələşdirilməsini təklif edib. Q.Həsənquliyev “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özəlləşdirilməsinin vacib olduğunu bildirib: “Mən əvvəllər də demişəm ki, hökumət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir. Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq. Və bu sahədə nizam-intizamı gücləndirmiş olacağıq”.
“Əbülfəz Elçibəy, Heydər Əliyev və Rəsulzadənin adına universitetlər açılsın”
O həmçinin digər məsələlərə də toxunub: “Bundan başqa qeyd olunur ki, əsaslı xərclərə ayrılan vəsait ümumi xərclərin 30,1 faizini – təqribən 5 milyard 392 milyonunu təşkil edir və biz 185 milyon manat da əlavə edirik. Nəzərə alsaq ki, gələn il Azərbaycanda bizim müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyinin bərpa olunmasında, onun qorunub saxlanılmasında xidmətləri olmuş 2 tarixi şəxsiyyətin- bizm eks prezidentlər Əbülfəz Elçibəyin 80 yaşı, mərhum prezident Heydər Əliyevin isə 95 illiyi qeyd olunacaq. Ondan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi gəlir. Mən nəyi təklif edirəm? Hələ vaxtilə Viktor Hüqo 1850-ci ildə Fransa parlamentində təhsil haqqında qanun qəbul olunanda deyirdi ki, təhsilə, maarifçiliyə vəsait ayırmaq elə qurmaq, var etmək, yaratmaq deməkdir. Yəni ötən iclaslarda da söyləmişdim ki, Azərbaycanda qonşu dövlətlərlə müqayisədə universitetlərin sayına görə, 2,5; 2,7 dəfə geri qalırıq. Tələbələrin, alimlərin sayına görə çox geri qalırıq. Bunu aradan qaldırmaq üçün söylədiyim hər 3 tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu çox müsbət olar, həm onların ruhu şad olar, həm də Azərbaycanda yeni ali məktəblər yaratmış olarıq. Əlbəttə, mən bilirəm ki, bəzi YAP-dan olan həmkarlarımız Əbülfəz Elçibəylə bağlı münasibətdə fərqli düşünürlər. Amma onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərarın qəbul olunması çox vacibdir”.
“Zaman onsuz da bunun qiymətini verəcək”
Q.Həsənquliyev deyib ki, mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirib: “Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy Heydər Əliyevə öz tarixi münasibətini ifadə edib. Yəni zaman onsuz da bunun qiymətini verəcək. Amma bizlər bunu nə qədər tez etsək, bu, ümumilikdə cəmiyyətimizin xeyrinə olar”.
Millət vəkili həmçinin maliyyə naziri Samir Şərifova sual ünvanlayıb: “Mən Samir müəllimdəın bir məsələni soruşmaq istəyirəm. Hörmətli Samir müəllim, əlbəttə sizin cəhdlərinizi, gördüyünüz işləri qiymətləndirirəm. Amma sırf bir məsələ mənim üçün qaranlıq qaldı. Burada qeyd olunur ki, Vergilər Nazirliyi üçün cərimə və sanksiyaların və proqnozun 50 milyon manat artırılması nəzərdə tutulur.
Bu da onunla əsaslandırılır ki, nağd əməliyyarflar məhdudlaşdırılır, elektron qaimələr tətbiq ediləcək və.s. Bunun da nəticəsində bu qanunvericiliyi pozan şəxslər cərimə olunacaq. Bəlkə bu vergi intizamının gücləndirilməsi ona gətirib çıxaracaq ki, insanlar ümumiyyətlə qanunları pozmayacaq. Əvvəlcədən necə müəyyənləşdirmək olar ki, nə qədər adam vergi qanunvericiliyini pozacaq və onlardan nə qədər cərimə tutulacaq? Bu gömrük rüsumu deyil ki.. Deyək ki, ölkənin tələbatı, ixrac potensialı, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınır və təqribən qiymətləndirilir ki, nə qədər rüsum toplamaq mümkün olacaq. Bizim başqa məsələlər üzrə də büdcədə bu tipli müddəalar var. Bunun bir izahı olmalıdır. İzahı olmalıdır ki, nəyin əsasında biz bu qənaətə gəlmişik ki, insanlar qanunları pozacaq”.
“Deputat yaltaq olmamalıdır”
Milli Məclisin növbədənkənar iclasınında həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Q.Həsənquliyev qanun layihəsi ilə bağlı çıxışıında maraqlı fİkirlər səsləndirib. Millət vəkili əvvəlcə spiker Oqtay Əsədova təşəkkürünü ifadə edib: “Millət vəkillərinin çoxunu narahat edən məsələlərlə bağlı sizin tövsiyyələriniz nəzərə alınıb və sizin sözünüzlə desək qanun xeyli dərəcədə yüngülləşdirilib. Hörmətli Bahar xanımın iştirakı ilə biz axırıncı dəfə qanun layihəsini komitədə müzakirə etdik. Demək olar bütün məsələlər üzrə razılığa gəldik və mən də Əli müəllimin (Əli Hüseynli) təklifini dəstəkləyirəm ki, qanunu üçüncü oxunuşda qəbul edə bilərik. Amma şəxsən özümün diqqətimdən yayınan bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Burada biz 4-cü maddədə qeyd edirik ki, deputat başqasının şərəf və ləyaqətini alçaldan çıxışlardan çəkinməlidir. Düşünürəm ki, biz burada “deputat özünün və başqalarının şərəf və ləyaqətini alçaldan çıxışlardan yayınmalıdır” yazsaq daha doğru olar. Allah eləməsin ki, bizim deputatlardan hər hansı biri özünün şərəf və ləyaqətini alçaldan bir çıxış etsin. Amma biz icra orqanlarında məmurun belə bir çıxışı ilə rastlaşmışıq. Yəqin bunu hamınız eşitmişdiniz. Mətbuatda onun səs yazıları da qoyulmuşdu. Öz kollektivinin qarşısında deyir ki, “mən yaramaz bir rüşvətxoram”. Dövlət qulluqçularının, bələdiyyə üzvlərinin də etik davranışı haqqında qanuna bu salınmalıdır. Yəni bu çıxışla o tək öz şərəf və ləyaqətini alçaltmır. Ola bilsin o fikirləşir ki, özünün şərəf və ləyaqəti yoxdur. Amma dövlət orqanını nüfuzdan salır. Ona görə sabah bizim də hansısa bir deputatımız xəstələnə bilər və iraq olsun, belə bir çıxış edə bilər”.
“İkinci məsələni də diqqətinizə çatdırmaq istəyirəm”-deyən millət vəkili bildirib:”Mətbuatda oxudum ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, 6-cı maddədən sonra bizim komissiya üzvləri belə bir bənd əlavə etsinlər ki, deputat yaltaq olmamalıdır. Bizdə hansısa məmur yaltaqlanmaq üçün deyir ki, Azərbaycanda bir kişi var. İndi özünü kişi saymır, özü bilər. Amma bizim xanımların həyat yoldaşları var, ataları, oğulları var. Biz hamımız özümüzü kişi hesab edirik. Bu dövləti xarici və daxili təhlükədən qoruyan bizim generallarımız, ağsaqallarımız var. Yəni yaltaqlığın ən iyrənc forması başaqsını təhqir etməklə, aşağılamaqla yaltaqlanmaqdır. Ona görə də mən düşünürəm ki, burada açıq şəkildə qeyd edə bilərik ki, deputat yaltaq olmamaldır.
Hesab edirəm ki, belə adamlar dərhal vəzifədən kənarlaşdırılmalıdır. Ola bilsin belə adamlar fikirləşmir ki, evə gedəndə övladları bundan soruşar ki, sən kimsən? Sən özünü kişi saymırsan? Bunu da mən bir misal kimi çəkdim ki, məmurlar danışanda, yaltaqlananda da heç olmasa bilsinlər, hansı formadfa yaltaqlanmaq lazımdır”.