Rusiya Azərbaycan - Ermənistan sərhədindəki münaqişənin sülh yolu ilə həllinə, eləcə də sərhədlərin delimitasiyası prosesinin başlamasına kömək etməyə hazırdır.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan sərhədində gərginliyin artmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, gərginliyin yaranmasının başlıca səsəbi Sovet dövründən miras qalan Azərbaycan - Ermənistan sərhədinin beynəlxalq hüquqi tənizmlənməsinin olmamasıdır.
“Bu cür vəziyyətlərin müstəsna olaraq sülh yolu ilə həll edilməli olduğunu bildirir, uzunmüddətli həll yolunu isə Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması, daha sonra isə demarkasiyası işlərinin həyata keçirilməsində görürük. Rusiya bu proseslərə hər cür kömək etməyə hazırdır”, - deyə XİN rəsmisi bəyan edib.
Zaxarovanın sözlərinə görə, Rusiya Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşması prosesində fəal iştirak edir və hər iki ölkə ilə mütəmadi təmasları ən yüksək səviyyədə davam etdirir.
“Rusiyalı sülhməramlılar Qarabağda sülhə və təhlükəsizliyə zəmanət verir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu bölgədəki nəqliyyat və iqtisadi əlaqələri yenidən bərpa etməklə məşğuldur. Rusiya Azərbaycan - Ermənistan sərhədindəki münaqişənin həllində yaxından iştirak edir, gərginliyin azaldılmasına kömək edir”, - deyə Zaxarova qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.