Təkcə regionun deyil, bütün dünyanın diqqət mərkəzində olan növbəti Brüssel görüşü arxada qaldı. Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da ikinci üçtərəfli görüşü baş tutdu.
Niyə Brüssel?
Brüssel görüşünə keçməzdən əvvəl onun təşəbbüskarı barədə. Ermənistanla Azərbaycan arasında 30 ildir, davam edən münaqişə müddətində bir çox formatda görüşlər keçirilib, danışıqlar aparılıb, lakin onların hamısı nəticəsiz qalıb. Sözügedən formata isə 2021-ci ilin 14 dekabrında start verilib. İlk üçtərəfli görüş də Brüsseldə baş tutub. Həm birinci, həm də ikinci Brüssel görüşünün yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. Cəmi iki görüş əsasında müsbət fikir söyləməyin əsas səbəbi isə əvvəlki təşəbbüskarlar və vasitəçilərdən fərqli olaraq, Avropa İttifaqının tərəfsizliyi, qərəzsizliyi və beynəlxalq hüququ olduğu kimi qəbul etməsidir. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir. Bu formatda ilk üçtərəfli görüşdə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq ikinci görüşə qədər tərəflər arasında intensiv təmaslar olub, telefon danışıqları keçirilib.
Brüssel görüşü: İkinci üçtərəfli görüş
Keçək dünən keçirilmiş ikinci üçtərəfli Brüssel görüşünə... Birmənalı şəkildə vurğulanmalıdır ki, bu görüşlər və danışıqlar Prezident İlham Əliyevin post münaqişə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Cənab Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı Bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı artıq konkret razılaşmalar əldə olunub. Bunlardan birincisi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir.
Bu prosesin başlanmasını sərhəddə gərginliyin aradan qaldırılması üçün mühüm məqam kimi qəbul etmək olar. Xatırladaq ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış edib. Soçi görüşündə də bununla bağlı razılaşma olub, lakin İrəvanın qeyri-konstruktivliyi səbəbindən hələ də prosesə start verilməyib.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi
Növbəti vacib məsələ iki ölkə arasında sülh müqaviləsi üzərində işə başlanması ilə bağlıdır. Şarl Mişel dünənki Brüssel görüşündən sonra verdiyi bəyanatında həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
Bu, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlaması deməkdir. İki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması deməkdir. Sənəddə isə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Humanitar addımlar: itkinlərin taleyi, mina, quruculuq işləri
Prezident Şarl Mişel bəyanatında etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ-nin, həmçinin, ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Cənab Mişel bu Bəyanatı ilə Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərmək niyyətində olduğunu bir daha təsdiqləyir. Bu yerdə xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi Azərbaycan dövlətini düşündürən əsas məsələlərdən biridir. Ermənistan kütləvi məzarlıqların yerinin koordinatlarını Azərbaycana verəcəyinə dair əvvəlki görüşlərdə üzərinə götürdüyü öhdəlilərə əməl etməsə də, həm Azərbaycan lideri, həm də digər rəsmi şəxslər və qurumlar itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün səylərini kəskin şəkildə davam etdirir. Cənab Mişelin bəyanatında itkin düşmüş şəxslərlə bağlı problemlərin həlli, eləcə də Aİ-nin humanitar minatəmizləmə və bərpa-yenidənqurma işlərinə yardım göstərməyi davam etdirməklə bağlı fikirləri Aİ-nin Azərbaycanın marağında olan məsələlərə laqeyd olmadığını söyləməyə əsas verir.
Nəqliyyat-kommunikasiya xətlərinin bərpası
Brüssel görüşündə diqqət çəkən məqamlardan biri Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsinin müzakirəsi olub. Aİ Prezidenti Bəyanatında qeyd edib ki, liderlər xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya/bağlantı infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Qeyd olunub ki, Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Regionda kommunikasiya xətlərinin bərpasının və yenilərinin yaradılmasının əsas təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alsaq, Aİ-nin bu məsələdə də rəsmi Bakıya dəstək verdiyini söyləmək olar. Bu, həm də o deməkdir ki, Azərbaycanla Aİ-nin normallaşma prosesində əksər məsələlərə baxışı və yanaşması üst-üstə düşür.
“Dağlıq Qarabağ” cəhənnəmə, həmsədrlər pensiyaya...
Yuxarıda qeyd olunanlar Şarl Mişelin Bəyanatından çıxan nəticələrdir, lakin dünənki Brüssel görüşündən Azərbaycan üçün vacib olan digər mühüm qənaətlər də ortaya qoymaq olar. Həm görüşdə, həm də Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun adının keçməməsi də mühüm məqam kimi vurğulanmalıdır. Məhz Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını, bu ifadədən artıq istifadə edilmədiyini bəyan edib. Eyni zamanda məhz Azərbaycan lideri həmsədrlərin artıq “pensiyaya çıxmalı olduqlarını”, onların görəcəyi bir iş qalmadığını söyləyib. Deməli, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəm üzrə inkişaf edir ki, bu da bizim üçün çox vacibdir. Diqqət çəkən başqa bir məqam Brüssel görüşündə və Aİ Prezidentinin Bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmamasıdır. Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul etmiş görünür.
Azərbaycan-Ermənistan danışıqlarında yeni format yaranır
Aprelin 6-da keçirilmiş, 4 saat yarımdan artıq davam etmiş Brüssel görüşü belə nəticəyə gəlməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Danışıqların bu platformaya keçirilməsi Azərbaycan üçün də məqbuldur. Çünki yazının əvvəlində də qeyd olunduğu kimi, Avropa İttifaqı qərəzsiz tərəfdir, Azərbaycanın və Aİ-nin bir-birinə qarşılıqlı etimadı var. Burada Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları kimi mühüm amil də diqqətdən qaçmamalıdır.
Ermənistan razılaşmalara əməl edəcəkmi?
Bura qədər qeyd olunanlar Azərbaycan-Ermənistan danışıqlarında müəyyən nikbinlik yaradır. Cənab Mişelin Bəyanatında da qeyd olunur ki, liderlər görüşlərinin nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
Lakin bu nikbinliyi ehtiyatla vurğulamaq daha doğru olar. Çünki indi əsas məsələ Ermənistanın Brüssel razılaşmalarından yayınmamasıdır. Ermənistanın əvvəllər də belə addımlar atması belə deməyə əsas verir ki, növbəti dəfə də eyni halın təkrarlaması mümkündür. Bu sırada Ermənistanda Azərbaycanla sülh prosesinə qarşı çıxan revanşist qüvvələr də diqqətdən qaçmamalıdır. Odur ki, qarşı tərəfin sülh prosesini pozmaq cəhdləri gözləniləndir. Lakin bütün hallarda danışıqların gündəliyini Azərbaycan müəyyənləşdirir. Ermənistan bu gündəliyə nə qədər uyğun davransa, razılaşmalara nə qədər tez və dəqiq əməl etsə, onun özü üçün də bir o qədər yaxşı olacaq. Çünki sülh prosesinin pozulmasından İrəvanın itirəcəyi daha çoxdur.
APA Analytics