20 Yanvar 1990-cı ildə baş vermiş faciə Azərbaycan xalqının müstəqillik, istiqlal uğrunda əzmini qırmaq niyyəti ilə törədilən insanlıq əlehinə cinayət kimi qiymətləndirilməlidir. Eyni zamanda dinc, sivil vətəndaşlara amansızcasına divan tutulması bütövlükdə bəşəriyyət qarşə törədilmiş, insanlıq məvhumunun əsaslarını sarsıdan ən ağıır cinayət əməlidir. 149 nəfər mülki şəxsin qətlə yetirilməsinə, 744 nəfərin ağır yaralanmasına, 841 nəfərin qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasına baxmayaraq, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına, dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu.
20 yanvar hadisələrinə dərhal qətiyyətlə etiraz edən, onlara ilk dəfə olaraq siyasi-hüquqi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur:” Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Ulu Öndər sarsılmaz iradə nümayiş etdirərək, SSRİ rəhbəliyini kəskin tənqid edib, rəsmi açıqlama tələb etmişdir: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərimizi hər zaman dərin hörmətlə yad edərək, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayıraraq, qeyd etmişdir ki, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Cənab Prezidentın cari ilin yanvar ayının 13-də imzaladığı Fərmana əsasən 20 yanvar şəhidinin əiləsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılması dövlətimizin diqqəti və qayğısının növbəti nümunəsidir.
Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda canlarını fəda edən səhidlərimizin əziz xatirəsi əbədi olaraq ürəklərdə yaşayacaqdır!
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü