Vasif Talıbov Naxçıvanda işğaldan azad olunan torpaqlarımızda - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ordumuzun nəzarətinə keçən Günnüt kəndi ərazisində yerləşən hərbi hissədə olub.
Ali Məclisin Sədri burada xidmət keçən əsgər və zabitlərlə görüşüb. Düşmənlə üzü-üzə mövqelərdə xidmət edən əsgərlərə hədiyyələr təqdim edən Ali Məclisin Sədri Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə şəxsi heyəti təbrik edib. Bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkürünü bildirib. Əsgər və zabitlər görüşdə çıxış ediblər.
Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub. Ön cəbhədə yerləşən səngərləri və burda qurulan postları gəzib. İnfrastrukturla tanış olub. Məlumat verilib ki, ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır. Postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunur. Eyni zamanda ərazidə yeni yollar çəkilir, postlar arasında rahat əlaqə təmin edilir. Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki arıçılarla da görüşüb. Görüşdə təsərrüfatçılar qeyd edib ki, əvvəllər kəndin həndəvərinə yaxın gələ bilməyən arıçılar bu gün 26 km-lik bir məsafə qət edərək ən yaxşı yaylaqlarda öz arı ailələrini yerləşdiriblər. Ali Məclisin Sədri vurğulayıb ki, bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər. Bundan sonra da Günnüt kəndinin təsərrüfat sahibləri üçün hərtərəfli şərait yaradılacaqdır.