AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin Azərbaycanı qarışdırmaq istəyənlərə kodlu mesajı - TƏHLİL

  • + A
  • - A
  • 17-07-2018, 11:09

    Prezidentin Azərbaycanı qarışdırmaq istəyənlərə kodlu mesajı - TƏHLİL
















    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildikdən və Gəncə polisinin rəhbərliyində olan iki polkovnikin qətlə yetirilməsindən sonra Sumqayıtda da bəzi çevrələrin aranı qarışdırmağa cəhd etməsi baş verənlərin təsadüf olmadığını birmənalı şəkildə deməyə imkan verir.

    Elə prezident İlham Əliyevin iyulun 13-də ölkəmizin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çox mühüm mesajlar verməsi, xəbərdarlıqlar etməsi də baş verənlərə ən yüksək səviyyədə həssas münasibətin göstəricisi oldu. Dövlət başçısı Azərbaycan üçün çox mühüm olan Brüssel səfərindən qayıtdıqdan sonra bir daha xüsusi iclas keçirərək olduqca əhəmiyyətli və həm də kodlu mesajlar verdi.

    Ölkə prezidenti açıq şəkildə bəyan etdi ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş verənlər dövlətçiliyimizə qarşı cinayətlərdir. Prezident hadisənin sıradan bir kriminal deyil, kifayət qədər ciddi mərkəzlərin planlaşdırdığı terror olayı olduğunu rəsmən bəyan etdi. Dövlət başçısı onu da dedi ki, “bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir”. Ancaq dövlət başçısı din pərdəsi altında məkrli niyyətlərini həyata keçirmək istəyənlərin əməllərindən bəhs edərkən dövlətimizin bütün xain planlardan xəbərdar olduğunu da nəzərə çatdırdı. Sitat: “Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır”.

    Prezident qətiyyətli şəkildə dövlətimizin terrorçular və terroru dəstəkləyənlərə qarşı amansız olacağını da bəyan etdi: “Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”.

    Prezident müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatların törədildiyini, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd edildiyini xatırladaraq olduqca vacib xəbərdarlığını etdi. Sitat: “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

    Dövlət başçısı Azərbaycana qarşı şər-böhtan kampaniyası aparanlara cavabında xatırlatdı ki, NATO-nun bu günlərdə keçirilmiş zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. “Yəni bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var” - prezident əlavə etdi.

    Brüssel səfəri NATO zirvəsi ilə əlamətdar olmaqla yanaşı, həm də Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın davamı barədə anlaşmanın təsdiqlənməsi, həmçinin masadakı sənədin paraflanması ilə bir sıra mərkəzlərin diqqət mərkəzində idi. Azərbaycanın Qərbə inteqrasiyasını qəbulolunmaz sayan güclərin bu ərəfədə aktivləşməsi təbii ki, dövlət başçısının da diqqətindəydi. Bir neçə mənbədən məlumatlar almağa malik olan ölkə prezidenti şübhəsiz ki, həmin mərkəzlərə də xəbərdarlığını etmiş oldu.

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, prezident “Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz” sözləri ilə Azərbaycanda xaos yaratmaq istəyən xarici qruplara işarə edib: “Daxildə elə bir qüvvə yoxdur ki, planlı şəkildə Azərbaycanda xaos yaratmağa gücü olsun. Belə qruplar var, ancaq xarici mərkəzlərdən kömək almadan Azərbaycanı qarışdıra bilməzlər. Bunun üçün xüsusi plan və maliyyə lazımdır. Hər ikisi kənardan Azərbaycana ötürülür. ABŞ və Avropa İttifaqı ölkələri Azərbaycanda sabitlikdə və istiqrarda, o cümlədən inkişafda maraqlıdırlar. Prezidenti xarici qüvvələrə işarə edərkən ABŞ və Avropanı nəzərdə tutmur. Azərbaycanı zəif görmək və torpaqlarının işğalda qalmasını istəyən güclər şimalda və cənubdadır. Həmin mərkəzlər bu dövlətlərin hakimiyyətlərinin istəyi kənarında da Azərbaycana qarşı məkrli planları hərəkətə gətirə bilərlər. Prezident böyük ehtimalla həmin mərkəzləri nəzərdə tutub. Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil. Gəncə Azərbaycanın uzaq və yaxın tarixində xüsusi imza qoymuş şəhərdir. Bunu Azərbaycanın düşmənləri də bilir. Buna görə də təxribat üçün Gəncə seçildi. Elə vəziyyətin həssaslığını nəzərə alan prezident qısa müddətdə iki müşavirə keçirdi”.

    Siyasi təhlilçi bildirdi ki, prezidentin iyulun 9-da nazirlərin iştirakı ilə keçirdiyi iclasda da son hadisələrlə bağlı ciddi mesajlar verib: “Dövlət başçısı Azərbaycanda siyasi sabitliyin davam etdiyini dedi. Prezidentin sözlərindən aydın oldu ki, cəmiyyətdə xaos yaratmaq istəyən qüvvələrə qarşı sərt tədbirlər görüləcək. Prezident cəmiyyəti sakitləşdirməyə çalışır. Əsas tezis budur ki, prezident ölkəyə nəzarət edir və xaosa, anarxiyaya və inqilaba yol verilməyəcək. Bunu istəyənlər isə həbs olunacaq”.

    E.Şahinoğlu dövlət başçısının Brüsseldən Bakıya qayıtdıqdan sonra güc nazirlərinin iştirakı ilə daha bir toplantı keçirməsini də təsadüfi saymadı: “Bunun da məqsədi eyni idi - ölkədə xaos yaratmaq istəyən daxili və xarici qruplarının məqsədlərinə nail olmayacaqlar”.

    Ekspert daxildə görülməli olan işlərin mövcudluğuna da diqqət çəkdi. Bildirdi ki, bir sıra tədbirlərin görülməsinə baxmayaraq, xarici mərkəzlər zəif nöqtələrimizi müəyyənləşdirib oradan vurmağa çalışırlar: “Həmin zəif nöqtələri özümüz ortadan qaldırmalıyıq ki, düşmənlərimiz bundan istifadə edə bilməsinlər. Dövlət aparatı icra başçılarından edilən şikayətlərə, göndərilən məktublara ciddi yanaşmalıdır, çünki təxribatçılar Mingəçevir və Gəncə ilə kifayətlənməyə də bilərlər. Yerlərdə sorğular keçirilməli, insanların şikayətləri və daha çox tənqid edilən məmurların fəaliyyəti araşdırılmalıdır. Hər nazirin ayda bir dəfə rayonda şikayətçiləri qəbul etməsi problemi həll etmir. Monopoliya, korrupsiya və məmur özbaşınalığı bu kimi xarici gücləri hərəkətə keçirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR