AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası

  • + A
  • - A
  • 25-04-2024, 18:32

    Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası


    Aprelin 25-də Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası keçirilib.
    Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin Xarici əlaqələr komitələrinin sədr və sədr müavinləri, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər iştirak ediblər.
    Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclas iştirakçılarını salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Komitə sədri Türk Dövlətləri Parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin iclasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu ideya cənab Prezident tərəfindən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın ötən il Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirilib. O, bu tədbirin bir ənənəyə çevriləcəyini və Türk dövlətləri arasında münasibətlərin güclənməsinə töhfə verəcəyini söyləyib.
    Səməd Seyidov Türk dövlətləri başçılarının müntəzəm olaraq zirvə toplantılarının keçirildiyini, böyük nüfuza malik Türk Dövlətləri Təşkilatının formalaşdığını, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradıldığını, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), habelə Türk Akademiyasının, Türk Mədəniyyət və Miras Fondunun, Türk Biznes Şurasının fəaliyyət göstərdiyini bildirib.
    Qeyd olunub ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı konstruktiv dialoqun təşviqi üçün mühüm platforma kimi önəmli rol oynayır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il keçirilmiş növbədənkənar Prezident seçkilərində əldə etdiyi qələbədən sonra andiçmə mərasimində səsləndirdiyi - Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır - fikirləri bunun bariz nümunəsidir. Azərbaycan dövlət başçısının son dövrdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrə etdiyi səfərlər qardaş türk dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmlənməsində önəmli rol oynayır.
    Komitə sədri vurğulayıb ki, bu gün parlamentlər səviyyəsində əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarovanın türk dövlətlərinə çoxsaylı işgüzar səfərləri, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlər, qardaş ölkələrin parlamentlərində etdiyi çıxışlar bu istiqamətdə aparılan uğurlu siyasətin göstəricisidir.
    Səməd Seyidov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk Dövlətləri Parlament Assambleyasının da rolunu xüsusi olaraq qeyd edib. Təşkilata üzv ölkələr arasında əlaqələrin gücləndirilməsində parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının da mühüm töhfələr verdiyini deyib. Bildirilib ki, TÜRKPA-da təmsil olunan deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda dünya ölkələrinin parlamentariləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasında fəal iştirak edirlər.
    O, təəssüflə bildirilib ki, bu gün ölkəmizə qarşı təzyiqlər davam edir, qərəzli qətnamələr qəbul olunur. Bir çox Qərb dövlətləri Azərbaycanın öz əzəli torpaqlarını öz gücü hesabına işğaldan azad etməsini qəbul edə bilmirlər. Buna baxmayaraq, Azərbaycan artıq dünyada güclü mövqeyi olan, böyük nüfuza malik bir dövlətdir. Ölkəmiz müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında artan rolunun daha bir bariz nümunəsidir.
    Sonra iclasda çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay görüşün yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. O, türk dövlətləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən söhbət açıb. Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyinin əsas gücə çevrildiyini söyləyib. Türk Dövlətləri Təşkilatının türk dünyasında qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi, siyasi həmrəyliyin gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və digər sahələrdə önəmli rolundan danışıb.
    Fuat Oktay TÜRKPA-ya üzv dövlətlərin parlamentləri arasında əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, qardaş ölkə parlamentarilərinin qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində birgə səylərini yüksək qiymətləndirib. Belə görüşlərin türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini söyləyib. Komitə sədri bu toplantının qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
    Sonra iclasda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk, Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Leyla Lurova çıxış ediblər.
    Çıxışlarda TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğu diqqətə çatdırılıb. Üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılması, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı fikirlər səsləndirilib. Parlamentlərarası dostluq qruplarının münasibətlərin möhkəmləndirilməsi istiqamətində rolu qeyd olunub.
    Sonra iclasda Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er öz fikirlərini açıqlayıb. Baş katib bildirib ki, dünyada baş verən siyasi hadisələr, yaşanan gərginliklər, yeni çağırışlar və təhdidlər fonunda parlament diplomatiyasının üzərinə mühüm vəzifələr düşür. Parlamentlər böhranların idarə edilməsi, demokratiyanın inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, sülh və təhlükəsizliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətli rola və çəkiyə malikdirlər. Bu gün türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq prosesləri ortaq tarixi, mədəniyyəti, dəyərləri paylaşan xalqlarımızın rifahının daha da yaxşılaşmasına xidmət edir. O, TÜRKPA çərçivəsində parlament diplomatiyası sahəsində müsbət təcrübələrin qazanıldığını deyib və bu tədbirin türk dünyasında parlament əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı olacağına, beynəlxalq aləmdə TÜRKPA-nın daha çox tanınmasına töhfə verəcəyinə əminliyini söyləyib.
    İclasda çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev tədbirin əhəmiyyəti, türk ölkələri arasında əlaqələrin genişləndirilməsində parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının rolu barədə fikirlərini bölüşüb.
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov yekun sözündə tədbir iştirakçılarına müzakirələrdə fəal iştirak etdikləri üçün təşəkkürünü ifadə edib. O, qardaş türk dövlətlərinin parlament üzvləri arasında təmasların qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə, regionunda sülhün və sabitliyin təmin edilməsinə, davamlı inkişafa xidmət etdiyini vurğulayıb.
    Sonra iclas iştirakçıları ailə fotosu çəkdirmək üçün bir araya gəliblər.
    İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, üzvləri Sahib Alıyev, Kamran Bayramov, Tural Gəncəliyev, Ramil Həsən, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Elman Nəsirov iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR