Məzahir Pənahovun müavini yüksək vəzifəyə təyin olundu
MSK-da iki yer boş qaldı; Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov vəzifəsindən çıxıb. N.Məmmədov Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib. “Report”un yaydığı xəbərə görə, Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.
N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmişdi. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildən MSK-nın sədr müavini idi.
Natiq Məmmədovun MSK-dan gedişi ilə bu qurumun üzvlərinin sayı daha bir nəfər azalıb. Xatırladaq ki, 30 aprel 2018-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyevin vəfatından sonra MSK-nın üzvlərinin sayı 17-yə enib. Onun yeri hələ ki boşdur.
Seçki Komissiyasında boş qalan yerə təyinatın və ya seçkinin keçiriləcəyini Seçki Məcəlləsi tənzimləyir. MSK-dan verilən açıqlamada bildirilir ki, Mərkəzi Seçki Komissiyasına üzv təyinatı Milli Məclis tərəfindən edilir: “Azər Tağıyev Mərkəzi Seçki Komissiyasında Milli Məclisdəki bitərəf deputatların təmsilçisi idi. MSK-da 6 nəfər parlamentdə çoxluqda olan partiyanı, 6 nəfər parlamentdə azlıqda olan partiyaları, 6 nəfər isə bitərəfləri təmsil edir. Həm mərhum Azər Tağıyevin yerinə, həm də Natiq Məmmədovu MSK üzvü kimi yerinə təyinat olanda Milli Məclis bu paritetliyi gözləyəcək. Yəni təyin olunan MSK üzvləri parlamentdəki bitərəf deputatların təmsilçiləri olaraq təyin olunacaq. Yəni bu məsələ Milli Məclisin səlahiyyətindədir. Mərkəzi Seçki Komissiyasında boş qalan yerə təyinat məsələsinə nə vaxt baxılacağı parlamentdən asılıdır. Yəqin yaxın vaxtlarda Milli Məclis bu məsələyə baxacaq”.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, Dairə Seçki Komissiyasının üzvü yerinə təyinat ən geci 1 ay ərzində həyata keçirilməlidir. Əgər seçki vaxtıdırsa, 10 gün ərzində boş qalan DSK üzvü yerinə təyinat olmalıdır. MSK ilə bağlı da belə bir məsələ əksini tapır.
MSK üzvlərindən ikisinin yoxluğunun qurumun işinə mənfi təsir edib-etmədiyinə gəlincə, hazırda seçki olmadığı üçün iş prosesinə ciddi təsir göstərməsi gözlənilmir. Sadəcə, səsvermə qaydasında müəyyən dəyişiklik ola bilər. 18 nəfər yox, daha az sayda MSK üzvü iştirak edirsə, müvafiq olaraq səsvermədə həlledici səsin miqdarı azalır. Çünki 18 nəfər iştirak etdikdə 12 səs həlledicidirsə, 16 nəfər iştirak edirsə, 10 səs həlledici olur”.