AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda və regionlarda 31 DOST mərkəzi yaradılacaq

  • + A
  • - A
  • 21-11-2018, 10:48

    Bakıda və regionlarda 31 DOST mərkəzi yaradılacaq














    “Dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunması prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatları proqramının başlıca xəttidir”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyasının, “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimində deyib.

    O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini qeyd edib.

    Nazir bildirib ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb”.

    S.Babayev qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) əhatə edən “e-sosial” internet portalı da yaradılıb: “Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub. DOST agentliyində 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı olacaq. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacaq. Bu gündən e-sosial portalı fəaliyyətə başlayacaq”.

    S.Babayev əlavə edib ki, nazirlik tərəfindən 2 milyon 800 min vətəndaşına hər ay ödənişlər edilir: “2 milyon vətəndaşımıza da digər xidmətlər göstərilir. Ölkə əhalisinin yarısı bu xidmətlərdən yararlanır. Pensiya sistemi ilə bağlı yeni qanunvericilik sistemi Milli Məclisdə təqdim olunub. Bu da cənab prezidentin atdığı növbəti mütərəqqi addımlardan biridir. Biz sistemləri tam şəkildə yekunlaşdırmışıq. 15 dekabr tarixindən etibarən test rejimindən fəaliyyətə başlanacaq. Qanun qəbul edildiyi təqdirdə 1 yanvar 2019-ci ildən etibarən pensiya yaşına çatmış Azərbaycan vətəndaşına pensiya yaşına çatması ilə əlaqədar SMS gələcək. Vətəndaş hansısa dövlət qurumuna getməyəcək və qeyri-səmərəli üsullardan istifadə etməyəcək. Sənədlərdə olan çətinliklər aradan qaldırılacaq və şəffaf məlumatlar əsasında pensiya təmin ediləcək. Ölkə başçısı 2019-2020-ci illərdə pensiyaya çıxacaq şəxslərlə bağlı 2006-ci ildən əvvəlki dövrdə hər kəsə 25il iş stajı təyin edilməsi haqqında fərman verdi. Bu da o deməkdir ki, təqribən 45 min adamın pensiyası 35 faiz, 38 min vətəndaşın pensiyası 48 faiz artacaq. 70 min vətəndaş isə maneəsiz və süründürməçiliyə məruz qalmadan pensiya əldə edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR