"Təhsil Nazirliyinin məqsədi təhsili gücləndirmək yox, pul qazanmaqdır"
Ekspert: "Ali məktəblərə pul qazandırmaq yox, keyfiyyətli tədrisi həyata keçirmək lazımdır”
Ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkili ilə bağlı Milli Məclisin növbədənkənar plenar iclasında müzakirə edilən və qəbul edilən dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub. "Təhsil haqqında” qanunda dəyişikliyin əsas məqsədindən danışan Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur: "Həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən tədrisin təşkili təmin olunacaq”.
Qeyd edilib ki, hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Eyni zamanda, hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən gənclərin axınının qarşısının alınacağı ehtimal edilir.
Qəbul edilən dəyişiklik birmənalı qarşılanmamaqla bərabər, daha çox "ölkədə bu qədər hazırlıq kursları fəaliyyət göstərdiyi halda, ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılmasına ehtiyac varmı” sualını ortaya çıxarıb. Cəmiyyətdə yeni dəyişiklyə "savadsızlığın artacağı”, "yeni pul mənbəyi” kimi iradlarla yanaşı, "müsbət hal” kimi reaksiya verənlər də var. Elə təhsil üzrə ekspertlərin fikirləri də məsələyə münasibətdə haçalanır.
Ağlabatan məsələ
Təhsilin inkişafı üzrə Dğvlət Strategiyasında məktəbəqədər hazırlıq məsələsinin yer aldığını və bu şəbəkənin genişləndirilməsinin qarşıya məqsəd kimi qoyulduğunu xatırladan ekspert Nadir İsrafilov «əgər məktəbəhazırlıq kurslarının genişləndirilməsi prioritetdirsə, nə üçün ali məktəblərə hazırlıq məsələsi şübhə ilə qarşılanmalıdır? Bu baxımdan ali məktəblərə hazırlıq da ağlabatan məsələdir” deyir. Ekspert dəyişikliyi ölkə təhsilinə dair dövlət kursuna müvafiq hesab edir: "Çünki biz təhsili əlçatan etmişik. Əgər ali məktəblərə qəbul imtahanları üçün abituriyentlərə iki dəfə şans verilirsə, universitetlərin nəzdində hazırlıq kurslarının açılması da təhsilin əlçatanlığına xidmət edəcək”.
Ekspert valideynlərin əksəriyyətinin övladlarının ali məktəblərə hazırlıqları üçün müxtəlif repititorlara və hazırlıq kurslarına üz tutmalarını xatırladaraq, bu mənada kursların universitetlərin nəzdində olmasını müsbət dəyərləndirir: "Bu, tələbələrin ali məktəblərə adaptasiya olmasına, məşğulluqlarının təmin olunmasına, həmin ali məktəblərə qəbul şansının artmasına təkan verəcək. Amma təbii ki, o kurslarda şəffaflıq təmin olunmalıdır. Biz dünya ölkələri ilə müqayisədə adambaşına düşən ali təhsillilərin sayına görə geridəyik. Bu mənada, dəyişikliyi həmin geriliyi aradan qaldırmaq, həm də əhalinin əsas hissəsinin ali təhsillə əhatə olunması baxımından müsbət qiymətləndirirəm”. N.İsrafilovun fikrincə, dəyişiklik, həmçinin gənclərimizin xaricdə oxumağa getmələrinin, kapital və beyin axınının qarşısını alacaq: "Gənclərimizin çoxu xaricə üz tutur və onların çoxu ölkəyə qayıtmırlar. Xaricə oxumağa gedən tələbələrin təhsil aldığı universitetlərin çoxunun diplomu sonradan bizim nazirlik tərəfindən tanınmır. Sonradan məzunlar işlə təmin olunmada da problemlə üzləşirlər. Yaranacaq kursların həmin problemlərin aradan qaldırılmasında da rolu ola bilər”.
Dəyişiklik effektiv olmayacaq
Milli Məclis tərəfindən «Təhsil haqqında» qanuna tövsiyə edilən və qəbul edilən dəyişikliyi müsbət qarşılamayan ekspert Kamran Əsədov ali məktəblərin nəzdində hər hansı ixtisas üzrə müəyyən hazırlıq kurslarının yaradılmasını düzgün hesab etmir: "Təhsil haqqında» qanunun 22-ci maddəsində göstərilir ki, ali məktəblər əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirməlidirlər. Ali məktəblər heç də ali məktəbə hazırlığı həyata keçirmirlər. Digər tərəfdən, qəbul edilən dəyişiklik qanunun 22-ci və 26-ci maddələrinə ziddiyyət təşkil edir. Ali məktəbdə təhsil alanlar bakalavr, magistr və doktorantura pillələrinə bölünürlər. Bu pillələrdə hansısa hazırlıq kurslarının olması nəzərdə tutulmayıb. Bu baxımdan, yeni yaradılacaq kursların hansı ad altında fəaliyyət göstərəcəyi müəyyən edilməyib”.
Ekspert ali məktəblərə qəbulun Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi qaydalara uyğun - test və müsahibə formasında həyata keçirildiyini və qəbul şərtlərinin də qurumda müəyyən olunduğunu bildirir: "Müəyyən şərtlər var ki, abituriyentlər ali məktəbə test imtahanından kənar qəbul oluna bilərlər. Beynəlxalq yarışların, olimpiadaların qalibləri mükafat aldıqları sahələr üzrə birbaşa ali məktəblərə qəbul edilirlər. Bu da kifayət qədər müsbət haldır. Yeni dəyişikliyə görə, ali məktəblərə qəbul ola bilməyən şəxslər universitetlərin nəzdində yaradılan hazırlıq kurslarına qəbul ediləcəklər. Bu, həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanuna ziddir. Çünki yalnız bakalavriat, magistratura və doktorantura pilləsində təhsil alanlar hərbi xidmətdən azad edilirlər. Yeni dəyişiklik bu məsələdə bir qədər ziddiyyət yaradacaq. Çünki dəyişiklikdə hazırlıq kursunda oxuyanların da hərbi xidmətdən azad ediləcəyi məsələsi qeyd edilməyib. 18 yaşına çatan və ali məktəbə qəbul oluna bilməyən gənclər isə birbaşa hərbi xidmətə yollanmalıdırlar”.
Təhsil Nazirliyi tərəfindən orta məktəblərin yuxarı siniflərində təmayül siniflərinin yaradıldığını və məqsədin orta məktəb şagirdlərinin ali məktəblərə rahat və seçdikləri ixtisas üzrə daha mükəmməl hazırlaşmaq olduğunu xatırladan K.Əsədov bu qrupların yaradılmasına kifayət qədər vəsait sərf olunduğunu deyir: "Əgər 10-11-ci siniflərdə təmayül sinifləri yaradılırsa, ayrıca universitet nəzdində hazırlıq kurslarının yaradılmasına nə ehtiyac var? Bu, bir-birilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, dəyişiklik qəbul ediləndə, bu mexanizmlər nəzərə alınmalı idi. Ancaq sənəddə göstərilir ki, hazırlıq qruplarında oxuyacaq şəxslər buraxılış imtahanlarının nəticələri əsasında müraciət edəcəklər. Bu, absurddur. Ölkədə ali məktəblərə qəbul buraxılış imtahanlarının nəticələri ilə deyil, qəbul imtahanlarının nəticələri ilə həyata keçirilir. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar və kolleclərə qəbul buraxılış imtahanları ilə həyata keçirilir. Bu da onu göstərir ki, qəbulda ikitirəlik yaranacaq. Elə hesab edirəm ki, bir neçə ildən sonra qəbul müəssisələri birləşdiriləcək”.
Yeni yaranacaq hazırlıq kurslarının əhəmiyyətsiz olduğunu deyən ekspertin fikrincə, universitetlər bu addımı gəlir əldə etmək üçün atmaq istəyirlər: "Onlar qəbul planını tam şəkildə doldura bilmədiklərinə görə, bu yolla gəlirlərini artırmaq istəyirlər. Ancaq bu, düzgün mexanizm deyil”. K.Əsədov hesab edir ki, ali məktəblərimiz xarici ölkələrdən tələbə axınını həyata keçirsəydi, daha məqsədəuyğun olardı. Belə ki, 2009-cu ildə «Təhsil haqqında» qanuna "Distant təhsil”lə bağlı edilən dəyişiklik hələ də tətbiq olunmur: "Hesab edirlər ki, hazırlıq qruplarını yaratmaqla Türkiyə, Ukrayna, Rusiyaya gedən gənclərin axınının qarşısı alınacaq. Hazırlıq kurslarında oxuyanlar birbaşa ali məktəbə qəbul olunmayacaqlar. Onlar yenə də ümumi qaydada imtahanda iştirak edəcəklər. Heç kəs bir il pulunu və vaxtını boşuna itirmək istəməyəcək. Çünki ali məktəblərin kadrları qəbul imtahanına peşəkar şəkildə hazırlığı həyata keçirmək mexanizminə malik deyillər. Hesab edirəm ki, bu dəyişiklik effektiv olmayacaq və yenidən dəyişikliklərə gətirib çıxaracaq”.
Ekspertin fikrincə, ali məktəblərə keçid balını daha aşağı salmaq, universitetlərin qapısını daha geniş açmaq, buraxılış qapılarını isə daraltmaq lazımdır: "Ali məktəblərə pul qazandırmaq yox, keyfiyyətli tədrisi həyata keçirmək lazımdır. Bizdə universitetlər əllərini ciblərinə qoyub gözləyirlər ki, ölkədəki puldan maliyyələşsinlər. Ancaq dünya təcrübəsində belə deyil. Türkiyədə hal-hazırda xaricdən 800 min nəfər tələbə oxuyur. Sinqapur kimi balaca ölkədə 80 min, ABŞ-da 20 milyona yaxın xarici tələbə oxuyur. Onların hər biri hər gün ölkəyə 10 dollar pul xərcləsə, dövlət büdcəsinə nə qədər pul daxil olar! Bizdə isə xarici tələbələrin ümumilikdə sayı 4 mindir. Ona görə də universitetlərimiz xaricdən tələbə qəbul etməyə çalışmalıdırlar”.
Univesitetlərin nəzdində hazırlıq kurslarının yaradılmasının nəticələrinin yaxşı və ya pis olacağını, təbii ki, sonra görəcəyik. Kursları uğurlu və ya uğursuz adlandırmaq üçün müəyyən rəyə gəlməyimiz bir müddət vaxt aparacaq. Ancaq təhsil sahəsində aparılan islahatların çoxunun eksperiment xarakterli olmasını nəzərə alsaq, ekspertlər demiş, bizə yeni dəyişikliklərə hazır olmaq qalır... /// Kaspi qəzeti