Pandemiya dövründə kollektivin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülüb. Parkın ərazisində istehsalat sahələrinin yerləşməsi nəzərə alınaraq dezinfeksiya tədbirləri daha sıx aralıqlarla həyata keçirilir.
Belə ki, texnoparkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri, Strateji Elmi Analitik Sınaq Mərkəzi, Texnoloji Transfer və İnkubasiya Mərkəzi, eləcə də Təcrübə-Sənaye Zavodunun istehsalat sexi, anbarı, idarə binası və digər ərazilər dezinfeksiya olunub.
Qeyd edək ki, YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Texnopark və onun rezident müəssisələrinə məhdud sayda işçilər cəlb edilib və əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir.
Bununla yanaşı, əməkdaşlar müəssisəyə tibbi maska ilə, qızdırmaölçən cihazlar vasitəsilə hərarətləri yoxlanıldıqdan sonra buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur. Əməkdaşlar mütəmadi olaraq tibbi maska və spirtlə təmin olunur.
Həmçinin qurumun kollektivi arasında mütəmadi olaraq virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.