BMT-nin CEDAW Komitəsinin eksperti xanım Dalia Leinarte: "Gender bərabərliyini təşviq edən milli fəaliyyət planı layihəsinin hazırlanması Azərbaycanın bütün diqqətini bərabər cəmiyyətin yaradılmasına yönəltdiyini göstərir"
CEDAW Komitəsinin ekspertləri Azərbaycan hökumətinin gender bərabərliyi və kənd qadınlarına dəstək proqramlarını yüksək qiymətləndiriblər. Bu barədə qurumun veb-saytında hesabatla bağlı ətraflı məlumat qeyd edilib.
Bildiyiniz kimi 16 iyun 2022-ci il tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində baş tutan 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib.
Hesabat zamanı Dövlət Komitəsinin sədri Bahar Muradova giriş nitqi söyləyərək ötən dövr ərzində ölkədə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair fəaliyyətləri Komitə ekspertlərinin diqqətinə çatdırıb.
Sual-cavab sessiya zamanı ekspertlər ölkədə qadınların siyasi və ictimai həyatda iştirakçılığının artırılması, kənd qadınlarına göstərilən dəstək xidmətləri, insan alveri, məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planları, eləcə də cins əsaslı seçiminin qarşısının alınmasına dair qəbul edilmiş Tədbirlər Planını yüksək qiymətləndirib.
Sonda Bahar Muradova vurğulayıb ki, CEDAW Komitəsi ilə dialoq inkişafa səbəb olacaq. Təqdim ediləcək tövsiyələrə görə əvvəlcədən öz minnətdarlığını bildirən Sədr, tövsiyələrin dövlət tərəfindən həyata keçiriləcəyini diqqətə çatdırıb. O, həmçinin Komitəni Azərbaycanda yerli toplantı keçirməyə də dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.