Respublikanın mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan yollardan biri də Bakı-Şamaxı-Yevlax avtomobil yoludur.
Azadmedia.az-a verilən məlumata görə, ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində sürüşmə nəticəsində yolun asfalt kəsimində problem yaranıb.
Belə ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi balansında olan 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin rəhbərliyi və əməkdaşları hadisə baş verdiyi andan etibarən həmin ərazidə olub, tədbirlər görülüb və əraziyə xüsusi texnikalar səfərbər edilib.
Nəzərinizə çatdıraq ki, qısa zaman çərçivəsində avtomobil yolunun asfalt-beton örtüyünün deformasiyaya məruz qalmış və dağılmış hissələrinin təmir-bərpa işlərinə start verilib, yaranan problemin qarşısı yüksək səviyyədə alınaraq uğurla yekunlaşdırılıb.
Eyni zamanda, 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin əməkdaşları və rəhbəri Mübariz müəllimin yaranan problemə şəxsən nəzarət etməsi onun işinə olan həqiqi məsuliyyətindən xəbər verir.
Qeyd edək ki, artıq hərəkət hər iki istiqamətdə davam edir.