Sosial şəbəkələrin sürətli inkişafı insanların davranışlarına təsirsiz ötüşmür. Artıq bir çox insan addımlarını sosial şəbəkələr prizmasından atır. Real həyatda xoşbəxt olmaq insanlar üçün önəmini itirib, sosial şəbəkədə xoşbəxt görünmək prioritet təşkil edir.
Bəs bu cür saxta emosiyalar bizi real kimliyimizdən uzaqlaşdırırmı?
Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, məsələyə belə yanaşıb:
“Bir insan bir maskanı uzun müddət taxarsa, maskanın həqiqi üzü olduğuna inanmağa başlayar. İnsan təbiəti üçün sosiallaşmaq son dərəcə vacibdir. Çünki bunun sayəsində biz problemlərimizi başqaları ilə bölüşür, yükləri birlikdə qaldırır və həll yollarını birlikdə axtarırıq. Amma sosial şəbəkələr insanları ironiyalı formada asosiallaşdıraraq onları özləri haqqında xoşbəxtlik illuziyası yaratmağa məcbur edir.
Sosial şəbəkələrdə hər kəsin ciddi fikirləri, gözəl şəkilləri, xoşbəxt ətrafı, kofe içmədən açılmayan səhərləri, notbuklarının yanında “Starbucks” bardaqları, kitab oxuyarkən üzərlərinə örtməyə ingilis ədyalları və onlara nə etdiyi bəlli olmayan xəyali düşmənlərinə acıq vermək üçün uğurları var.
Avropada belə bir zarafat var.
- Hər kəsin xoşbəxt olduğu yer haradır?
- “Instagram”.
Psixoloqun sözlərinə görə iş o yerə çatıb ki, insanın sosial şəbəkədəki paylaşımlarından onun sonuncu dəfə hansı filmə baxdığını asanlıqla müəyyən etmək olur:
“Bütün bunlar insanın reallıq qavrayışını pozur və əhəmiyyətli dərəcədə ona zərər verir. Xüsusilə, sosial şəbəkələrdən çıxmayıb hər şeyi orada paylaşan, izləyiciləri üçün getdiyi hər yeri çəkən insanlar bir müddət sonra həyatı və özlərini sosial şəbəkə profilləri üzərindən qiymətləndirirlər.
“Mən kiməm? Nə istəyirəm? Mənə nə əzab verir? Telefondan uzaqda mən necə oluram?”
Bəzi insanlar üçün bu sualların cavabı sosial şəbəkə görüntüləri ilə bağlıdır. İnsan tək qalıb onu əsl narahat edən şeyi tapmasa, həll də edə bilməz. Ona görə də sosial şəbəkələrdə xoşbəxt görünməyə çalışmaq insanı mənəvi cəhətdən çürüdür, onun həyat və kimlik anlayışını məhv edir”.
Məhərrəm Əliyev, Bizim.Media