13 avqust 2025-ci il tarixdə rayonun Qodman ərazisinin Məmmədrzaküçə kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 3 məsələ qaldırıldığını, 1-nin müsbət həll olunduğunu və 2 məsələ ilə bağlı vətəndaşlara qanunamüvafiq cavab verildiyini bildirmişdir.
Sonra Elvin Fəttayev ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Qodman ərazisində 1,2 km kənddaxili yola çınqıl döşənmiş, ərazidə 10 ədəd yararsız elektrik dirəyi və 250 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, Qodman kəndində 130 metr məsafədə kənddaxili yola asfalt örtüyü döşənmiş, Məmmədrzaküçə kəndində 2.3 km metr məsafədə küçələr işıqlandırılmış, ərazidə 150 metr məsafədə suaparıcı kanallar təmizlənmiş, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

Şöbə müdiri daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 550 ədəd, “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 200 ədəd olmaqla ümumilikdə 750 ədəd ağac əkilməsi, Əzizabad çayının üzərindən keçən körpünün cari təmir olunması, Qodman kənd qəbiristanlığında 1 ədəd su çəni quraşdırılması və su xəttinin çəkilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.