AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİQ namizədi məktəbin qərarından şikayət etdi

  • + A
  • - A
  • Bu gün, 10:31

    MİQ namizədi məktəbin qərarından şikayət etdi

    Müəllim müqavilənin hamiləliyinə görə bağlanmadığını deyir

    Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal topladığını və Masallı rayonunda müəllim vəzifəsinə qəbul olunduğunu bildirən Nəzərova Zərxanım Əziz qızı əmək müqaviləsinin bağlanmamasından şikayətçidir.

    İbtidai sinif müəllimi iddia edir ki, Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi onun 7 aylıq hamilə olduğunu öyrəndikdən sonra müqavilə bağlamaqdan imtina edib.

    “Hazırda 7 aylıq hamiləyəm. Bunu biləndə mənimlə müqavilə bağlamaqdan imtina etdilər”, – deyə müəllim bildirib.

    Məsələ ilə bağlı məktəbə ünvanlanan sorğuya cavabda isə fərqli əsaslandırma təqdim olunub.

    Məktəbdən bildirilib ki, Nəzərova müddətli vakant yer üzrə zəng mərhələsində işə dəvət edilib. Araşdırma zamanı onun hamiləliyinin son mərhələsində olduğu və tədris ili başladıqdan qısa müddət sonra hamiləliyə və doğuşa görə uzunmüddətli sosial məzuniyyətə ayrılacağı məlum olub.

    Məktəb rəhbərliyi qeyd edib ki, MİQ üzrə elektron yerləşdirmədən sonra boş qalan vakant yerlər tədris ilinin sonunadək müddətli əsaslarla tutulur. Bu zaman əsas məqsəd dərslərin fasiləsizliyini təmin etmək və şagirdlərin tədris proqramından geri qalmasının qarşısını almaqdır.

    Cavabda əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlandığı bildirilib. Məktəbin direktoru da bu əsaslarla müqavilənin bağlanmaması barədə qərar qəbul etdiyini açıqlayıb.

    Məktəbdən verilən məlumata görə, tədris prosesində fasilə yaranmaması üçün həmin vakant yerə başqa müəllim cəlb edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR