QHT işi üzrə ittiham olunan “Azərbaycan Gənclər Parlamenti” İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası noyabrın 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2-ci maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.