AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahar Muradova və BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndəsi arasında əməkdaşlıq imkanları müzakirə edilib

  • + A
  • - A
  • Bu gün, 15:50

    Bahar Muradova və BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndəsi arasında əməkdaşlıq imkanları müzakirə edilib

    23 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.


    Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. O, BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, eləcə də müxtəlif formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.


    AQEM-in ötən ay Nyu-York şəhərində keçirilən yüksək səviyyəli görüşünü xatırladan sədr, görüş zamanı AQEM Qadınlar Şurasının məsləhətçi qurum kimi yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. O, fevral ayında həmin Şuranın ilk tədbirinin Azərbaycanda keçiriləcəyini bildirib, bunun “Pekin30” prosesinin yubileyinə, həmçinin qadınların səlahiyyətləndirilməsi və bütün proseslərdə iştirakının təmin olunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda verdiyi növbəti böyük töhfə kimi qiymətləndirib. Əlavə edib ki, BMT-nin yubiley tədbirində bu qərarın qəbul olunması Azərbaycanın BMT ilə əlaqəli fəaliyyətə üstünlük verdiyini göstərir.


    O, çıxışında vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində aparılan işlər mühümdür. Eyni zamanda, yalnız qadınların səlahiyyətləndirilməsi ilə kifayətlənməyərək, ölkədə ailə təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü fəaliyyət göstərmək vacibdir. Bu, sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır.


    B.Muradova Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, sənədin qəbul edildikdən sonra müsbət təcrübə kimi beynəlxalq miqyasda təbliğatının əhəmiyyətli olacağını vurğulayıb.


    BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də bu prosesdə əldə olunan mühüm irəliləyişlərdən məmnunluğunu ifadə edib.


    Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən BMT rəsmisi, Pekin 30 çərçivəsində görülən işlərdən söz açıb. Azərbaycanın bu platformada fəal iştirakına diqqət çəkən K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


    Qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışan qonaq. erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də müsbət qarşılandığını bildirib.


    Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR