RUBİO: “HİZBULLAH” LİVANDA ƏSAS TƏHLÜKƏ MƏNBƏYİ OLARAQ QALIR

ABŞ dövlət katibi Marco Rubio ABŞ Prezidenti Donald Trump ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında Livandakı vəziyyətlə bağlı baş tutan gərgin telefon danışığının təfərrüatlarına aydınlıq gətirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxış edən Rubio bildirib ki, həftənin əvvəlində ABŞ kəşfiyyat orqanları İsrailin Beyrutda “Hizbullah” hədəflərinə zərbələr endirməyi nəzərdən keçirdiyinə dair çoxsaylı məlumatlar əldə edib.
Onun sözlərinə görə, həmin vaxt Livan hakimiyyəti Vaşinqtonla əlaqə saxlayaraq “Hizbullah” nümayəndələrinin İsrail Beyruta hücum etməyəcəyi təqdirdə İsrail ərazisinə raket atışlarını dayandırmağa hazır olduqlarını çatdırıb.
Rubio qeyd edib ki, Prezident Tramp da bu mesaja əsaslanaraq Netanyahu ilə danışığında İsrailin Beyruta zərbələrdən imtina etməsi qarşılığında “Hizbullah”ın Şimali İsrailə hücumları dayandıracağına dair məlumatı diqqətə çatdırıb.
Lakin ABŞ dövlət katibinin sözlərinə görə, sözügedən telefon danışığından cəmi bir neçə saat sonra “Hizbullah” tərəfindən İsrail ərazisinə iki dalğa raket hücumu həyata keçirilib.
Rubio əlavə edib ki, İsrail ordusunun Livanın cənubunda hərbi əməliyyatları genişləndirməsinin məqsədi “Hizbullah”ın raket buraxılış məntəqələrini sıradan çıxarmaqdır.
“Ümid edirik ki, Livan hökuməti və İsrail birlikdə çalışaraq ‘Hizbullah’ın silahsızlaşdırılmasına nail olacaq və Livan xalqının öz ölkəsinə tam nəzarəti bərpa etməsinə şərait yaradacaq. Lakin bu, mürəkkəb və uzunmüddətli prosesdir”, – deyə Rubio vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.