HÖRMÜZ BOĞAZINDA MİNASIZLAŞDIRMA ƏMƏLİYYATI

Böyük Britaniya və Fransa ABŞ ilə İran arasında mümkün razılaşmadan sonra Hörmüz boğazında çoxmillətli minasızlaşdırma missiyasına rəhbərlik etməyə hazırlaşır.
Məlumata görə, əməliyyatda 15-dək ölkənin iştirakı nəzərdə tutulur. Həmin ölkələr artıq hərbi personal və texnika ayırmağa razılıq veriblər
Missiyanın əsas məqsədi strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası və kommersiya nəqliyyatının maneəsiz hərəkətinin təmin edilməsidir. Əsas qüvvələrin yerləşdirilməsinin Vaşinqton və Tehran arasında mümkün razılaşmadan sonra başlanacağı bildirilir.
Son həftələr ABŞ və İran arasında baş verən gərginlik səbəbindən bölgədə gəmiçilik fəaliyyəti ciddi şəkildə məhdudlaşıb. Bu isə dünya ticarətinin ən vacib marşrutlarından biri hesab olunan Hörmüz boğazında vəziyyəti mürəkkəbləşdirib.
Mənbələrin sözlərinə görə, bir sıra ölkələrin hərbi planlaşdırıcıları boğazın minalardan təmizlənməsi üzrə hazırlıq işlərinin böyük hissəsini tamamlayıblar. Bununla yanaşı, əməliyyat üçün əlavə dəstək gəmilərinə ehtiyac olduğu vurğulanır.
ABŞ Prezidenti Donald Trump daha əvvəl kommersiya gəmiçiliyi üçün mina təhlükəsinin böyük ölçüdə aradan qaldırıldığını bildirmişdi. ABŞ dövlət katibi Marco Rubio isə İranın boğazın müəyyən hissələrini minaladığını iddia edib.
Qeyd olunur ki, planlaşdırılan missiya ABŞ və İran arasında mümkün razılaşmadan sonra Fars körfəzi regionunda sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq səylərin bir hissəsi olacaq. Böyük Britaniya artıq mina aşkarlama və zərərsizləşdirmə sistemləri ilə təchiz edilmiş RFA Lyme Bay gəmisini bölgəyə göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.