İranın Ali Rəhbəri: "Trampın imzasının heç bir dəyəri yoxdur"

İranın Ali Rəhbəri: "Trampın imzasının heç bir dəyəri yoxdur"
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ prezidenti Donald Trampın imzasının etibarsız olduğunu bildirib və Vaşinqtonu əldə olunmuş razılaşmaları pozmaqda ittiham edib.
Xamenei bildirib ki, İran və ABŞ prezidentləri arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun dəfələrlə pozulması ABŞ prezidentinin imzasının heç bir dəyərinin olmadığını bir daha sübut edib.
Onun sözlərinə görə, "təhdid və barbarlıq Amerikanın ideologiyasının və fəaliyyətinin ayrılmaz hissəsidir".
Ali rəhbər qeyd edib ki, ABŞ son addımları ilə yenidən "əsl simasını" nümayiş etdirib və yeni cinayətləri, eləcə də verdiyi vədləri pozması Amerikanın etibarsız siyasətinin növbəti sübutudur.
Xamenei həmçinin vurğulayıb ki, ABŞ müharibə yolu seçmək niyyətindədirsə, İran və "müqavimət oxu"nun artıq ona unudulmaz dərslər verdiyini nəzərə almalıdır.
O, ölkə daxilində birliyin qorunmasının vacibliyini də önə çəkərək, siyasi fikir ayrılıqlarına yol verilməməsinin bütün cəmiyyətin və dövlət rəsmilərinin ümumi vəzifəsi olduğunu bildirib.
"Rəqib İranın zəifliyinə dair heç bir əlamət görməməlidir. Əks halda, məğlubiyyət qaçılmaz olacaq", – deyə Xamenei əlavə edib.
Məlumata görə, açıqlama İranın Tasnim agentliyi tərəfindən yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.