Avropa tam Günəş tutulmasına hazırlaşır: turist axını rekord həddə çatıb

Avropa tam Günəş tutulmasına hazırlaşır: turist axını rekord həddə çatıb
Avropa tam Günəş tutulmasını qarşılamağa hazırlaşır. Avqustun 12-də baş verəcək tutulma bu əsrdə Avropa ərazisindən müşahidə ediləcək ilk tam Günəş tutulması olacaq. Hadisə ərəfəsində qitənin bir sıra şəhərlərində turist axını kəskin artıb, hotellərdə qiymətlər isə rekord həddə yüksəlib.
Tam tutulmanı müşahidə etmək üçün turistlərin ən çox üz tutduğu məkanlardan biri İslandiyanın paytaxtı Reykyavikdir. Burada avqustun 12-si üçün hotel otağının orta qiyməti 793 dollara çatıb. Bu, ötən ilin eyni günü ilə müqayisədə 98 faiz çoxdur.
İspaniyaya da böyük turist axını gözlənilir. Ölkənin Maliyyə Nazirliyinin hesablamalarına görə, təxminən 460 min xarici turist məhz Günəş tutulmasını izləmək üçün İspaniyaya səfər edəcək.
La-Korunyada hotel qiymətləri bir il ərzində 135 faiz artaraq orta hesabla 451 dollara yüksəlib. Mayorkada qiymətlər 24 faiz artaraq 448 dollara çatıb. Santyaqo-de-Kompostelada artım 34, Bilbaoda isə 67 faiz olub.
Tutulmanın keçəcəyi ərazilərdə yerləşən kiçik şəhər və kəndlər, eləcə də müvəqqəti müşahidə məntəqələri aylar öncədən tamamilə bron edilib. Hətta bəzi amerikalı turistlər tutulmanı izləmək üçün İspaniyanın Kastiliya və Leon bölgəsinin sakinləri ilə evlərini dəyişməyə razılaşıblar.
Lakin turistlərin kütləvi gəlişi İspaniya hakimiyyətini təhlükəsizlik baxımından da narahat edir. Çərşənbə günü ölkə yollarında adi günlərlə müqayisədə təxminən 1,5 milyon əlavə avtomobil səfərinin olacağı gözlənilir.
Ölkədə ekstremal quraqlıq hökm sürdüyündən, kiçik bir qığılcım belə genişmiqyaslı meşə yanğınlarına səbəb ola bilər. Güclü avtomobil sıxlığı isə fövqəladə xidmətlərin hadisə yerlərinə çatmasını çətinləşdirə bilər.
Təhlükəsizliyin təmin olunması üçün İspaniyada təxminən 35 min polis əməkdaşı səfərbər ediləcək. Yol kənarlarında və quru bitki örtüyünün yaxınlığında avtomobillərin park edilməsinə, manqal qurulmasına və fişənglərdən istifadəyə qadağa qoyulub. Valensiya bölgəsində isə təbiət parkları bağlanıb, kənd yollarında gəzintilər məhdudlaşdırılıb.
İlin əvvəlindən bəri İspaniyada meşə yanğınları artıq təxminən 200 min hektar ərazini məhv edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə çoxdur.
Tutulmanı yerində izləyə bilməyəcək insanlar üçün də alternativ yaradılıb. NASA İspaniyanın şimal-qərbində yerləşən Vilyalibado kəndində dörd güclü teleskop quraşdırıb. Buradan Günəş tutulmasının canlı yayımı həyata keçiriləcək və yayımın 10 milyondan çox izləyiciyə çatacağı gözlənilir.
Qeyd edək ki, tam tutulma ilə yanaşı, Günəşin qismən tutulması Böyük Britaniyada da müşahidə ediləcək. Londonda tutulmanın maksimal mərhələsinin avqustun 12-də saat 19:12-də baş verməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.