Reyndə suyun səviyyəsi rekord həddə düşüb: Almaniyada yük daşımaları demək olar ki, dayanıb

Reyndə suyun səviyyəsi rekord həddə düşüb: Almaniyada yük daşımaları demək olar ki, dayanıb
Almaniyada davam edən isti hava və yağıntıların azlığı Avropanın əsas su nəqliyyatı arteriyalarından biri olan Reyndə suyun səviyyəsinin rekord həddə enməsinə səbəb olub.
Reuters-in məlumatına görə, çayın bəzi hissələrində suyun səviyyəsinin kəskin azalması yük gəmilərinin hərəkətini demək olar ki, mümkünsüz edib.
Almaniyanın daxili su nəqliyyatı üzrə WSV qurumunun məlumatına əsasən, çərşənbə axşamı Koblenz yaxınlığındakı Kaub ərazisində gəmiçilik üçün nəzərdə tutulan kanalın dərinliyi cəmi 15 santimetr olub. Bu göstərici 2018-ci ildə qeydə alınmış əvvəlki rekorddan da aşağıdır. Həmin il kanalın dərinliyi 25 santimetrə qədər enmişdi.
Mütəxəssislər bildirirlər ki, çayın ümumi dərinliyi gəmiçilik kanalının dərinliyindən təxminən bir metr çoxdur. Lakin buna baxmayaraq, Kaub ərazisində kommersiya yükdaşımaları faktiki olaraq dayanıb.
Daşıyıcılar bildirirlər ki, dayazlıq səbəbindən yük gəmiləri tam gücü ilə yüklənə bilmir. Hazırda bəzi gəmilər yalnız tutumlarının təxminən 20 faizi qədər yük götürə bilir. Əvvəlki həcmdə yükün daşınması üçün isə daha çox sayda gəmidən istifadə etmək lazım gəlir. Bu da daşınma xərclərini əhəmiyyətli dərəcədə artırır.
Reynin şimal istiqamətində yerləşən hissələrində gəmiçilik hələlik davam edir. Lakin suyun səviyyəsinin aşağı düşməsi artıq yükdaşıma şirkətlərini alternativ marşrutlara üz tutmağa məcbur edib.
Böyük həcmdə yük avtomobil nəqliyyatına yönləndirilib. Almaniyanın bəzi əyalətlərində isə artan yükdaşıma tələbatını qarşılamaq üçün həftəsonları yük maşınlarının hərəkətinə tətbiq edilən məhdudiyyətlər yumşaldılıb.
İqtisadçılar xəbərdarlıq edirlər ki, Reyndə suyun rekord səviyyədə azalması Almaniya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Xüsusilə də iqtisadiyyatın yenicə bərpa olunmağa başladığı bir vaxtda nəqliyyat problemləri iqtisadi artımı zəiflədə bilər.
Reyn Avropanın ən mühüm nəqliyyat arteriyalarından biridir. Çay vasitəsilə taxıl, mineral xammal, kömür və neft məhsulları da daxil olmaqla böyük həcmdə yük daşınır.
Bu yay Avropada davam edən anomal istilər və yağıntıların kəskin azalması yalnız Reyndə deyil, qitənin digər daxili su yollarında da suyun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.